"Səbail"dən tarixi uğur

"Səbail"dən tarixi uğur

Səbail” Azərbaycan Premyer Liqasında tarixi rekorda imza atıb.

Mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komanda ardıcıl 4 qələbə qazanmaqla buna nail olub.

Şahin Diniyevin yetirmələri “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0, son olaraq isə VII turda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Premyer Liqada 2017/2018 mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl 4 qələbə qazanmamışdılar.

“Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır. Bakılılar ardıcıl 7 matçda meydanı qolsuz tərk etməməklə klub tarixinin rekorduna imza atıblar. Əvvəlki rekord 3 il öncə qeydə alınıb. 2020/2021 mövsümündə “Səbail” ilk 6 turda qol sevinci yaşayıb.

Paytaxt təmsilçisi ilk 7 turdakı xal və qol sayında da öz rekorduna imza atıb. “Səbail” bu matçlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi 2018/2019 və 2019/2020 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarıb. Komandanın 7 qarşılaşmada 12 qol vurması da klub tarixində yeni rekorddur.