"Təəssüf ki, buraya baş məşqçimiz olmadan - hazırlıqsız gəlmişik"
"Neftçi" Sankt-Peterburqda təşkil edilmiş "Matç TV" Kubokunun 2-ci görüşündə də məğlub olub. Bakı klubu "Zenit"in ardından "Srvena Zvezda"ya daha böyük hesabla uduzub - 0:4.
MediaSport.az xəbər verir ki, təxminən 1 aylıq fasilədən sonra düşərgəyə qoşulan kapitan Emin Mahmudov matç haqqında fikirlərini bölüşüb. O, Serbiya klubu ilə görüşün uğursuz alındığını deyib:
“Rəqib çox aqressiv və sürətli idi. Biz də öz növbəmizdə sadə epizodlarda top itirirdik. Bundan sonra onlar əks-hücum üçün irəli atıldılar. Serbiya təmsilçisi topa yaxşı nəzarət edirdi".
“Neftçi”yə turnir zamanı qoşulduz, hazırkı formanızı necə qiymətləndirərdiz?
- “Srvena Zvezda” ilə oynayanda komanda ilə məşqimin cəmi üçüncü günü idi. Bir az çətin oldu. Amma buna qədər məşq edirdim, formamı saxlamağa çalışırdım. Təbii ki, artırmaq lazımdır. 45 dəqiqə oynadım, amma yaxşı vəziyyətdə olmaq üçün hələ çox çalışmalıyıq.
"PARI Matç Premyer" Kubokunu necə dəyərləndirirsiz?
- Yaxşı turnirdir, təəssüf ki, buraya baş məşqçimiz olmadan - hazırlıqsız gəlmişik. Ona görə də psixoloji və fiziki olaraq bir az çətindir. Ümid edirəm, hər şey tezliklə həll olunacaq və biz daha yaxşı oynayacağıq. Təşkilatçılığa gəlincə, hər şey qaydasındadır.