"Kəpəz"in kapitanı: "Hamı hansı şərtlər altında oynacağını əvvəldən bilirdi, kimsə üsyan edə bilməz"
"İlk hissədə 2 qol şansımıız oldu. Azı 1 dəfə fərqlənmək imkanımız vardı, lakin istifadə edə bilmədik"
Bu sözləri mediasport.az saytına açıqlamasında "Kəpəz"in vitse-kapitanı Yeqor Xvalko deyib.
Əsas kapitan Vurğun Hüseynovun yoxluğunda komandanı 3 oyundur meydana kapitan kimi çıxaran 26 yaşlı belaruslu "qərb derbisi"ndə "Turan Tovuz"a məğlubiyyət haqda danışıb.
Xvalko Gəncədə qeydə alınan 0:2 hesablı yenilgini belə şərh edib: "Birinci hissədə qolumuzu vurub öz oyunumuzu oynaya bilərdik, alınmadı. Nəticədə özümüz 2 qol buraxdıq. Bundan sonra dönüş etmək çox çətin idi. 100 faizlik fürsətlərimiz olmasa da, bir neçə epizodda yenə qol vurmağa yaxın idik. Topa daha çox nəzarət edirdik, lakin bu, heç kimə lazım deyil. İndi bütün komandalar yaxşı müdafiə olunmağı bacarır. "Turan Tovuz" da Premyer Liqanın bərk, keyfiyyətki klublarından biridir. Ötən mövsüm də müdafiədə etibarlı oynadıqlarını göstərmişdilər".
Müdafiəçi mövsümün ilk turunda "Neftçi"ni məğlub etmələrinə, ardıcıl iki turdu uduzmalarına bu cür şərh verib: "Neftçi" bizimlə oyuna tamam başqa əhval-tuhiyyədə çıxmışdı. Ona görə qalib gəldik. Bu, həm də mövsümün startı, ilk oyun idi, hamı gözləyirdi. Biz də Gəncədə çempionatın ilk görüşünə komanda olaraq yaxşı motivasiya ilə çıxmışdıq. Digər tərəfdən, baş məşqçinin tapşırıqlarını maksimum doğru yerinə yetirdik. Ardınca "Zirə" ilə oyunun xüsusən ilk hissəsində bizdə heç nə alınmadı. Məşqçinin verdiyi tapşırıqların öhdəsindən gələ bilmədik. Bu gün də həmçinin. İndividual olaraq 2 səhv etdik, "Turan Tovuz" bağışlamadı. Əlbəttə, daha çox xal toplamaq yaxşı olardı. Xüsusən mövsümə "Neftçi" kimi iddialı rəqib üzərində qələbə qazanmaqla başlamaq...Təəssüf ki, davamını gətirmək çətindir".
O, tezliklə komandaya sponsor tapılacağına inandığını deyib: "Bizim işimiz futbol oynamaqdır, çox çalışmalı, məşqçilərin istədiyi oyunu göstərməliyik. Ümid edirəm ki, sponsor məsələsi də tez bir zamanda həll edilər. Qorxulu heç nə yoxdur. Sponsor yoxdursa, demək, yoxdur, vəssalam. Biz işimizi görməliyik. Hər kəs bura gələndə hansı şərtlər altında oynacağını bilirdi. Buna heç kim etiraz, üsyan edə bilməz".
Gəncə azarkeşlərinin də sevimlisinə çevrilən Xvalko meydana kapitan kimi çıxmasından da danışıb: "Bizim əsas kapitanımız var, Vurğun Hüseynov bu komandanın lideridir. indi zədəli olduğunu bilirsiz. Çox yaxşı, təcrübəli futbolçudur. Onu yoxlğununda əvəz etməyə çalışıram. Kapitan olmaq əlavə üstünlük vermir, əksinə, böyük məsuliyyətdir. Amma düşünürəm ki, Vurğuna çox ehtiyacımız var - həm meydanda, həm paltardəyişmə otağında. Əminəm, əgər zədə almasaydı, indi "Kəpəz"in vəziyyəti daha yaxşı olardı".