Ümumrespublika seminarı başlanıb
Güləş məşqçilərinin ümumrespublika seminarına start verilib.
Azərbaycan Güləş Federasiyasından Mediasport.az saytına verilən məlumata görə, qurumun təşkilatçılığı ilə keçirilən tədbirin ilk dayanacağı Gəncə şəhəri olub. Gəncə İdman Liseyində təşkil edilən seminarda 100-dən artıq güləş məşqçisi iştirak edib.
Seminarın nəzəri hissəsində Hakimlər Kollegiyasının sədri Qərib Əliyev xalların qiymətləndirilməsini, mübahisəli görüşlərin videotəhlilini, yarışlarda məşqçilərin riayət etməli olduğu qaydaları diqqətə çatdırıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov güləşlə bağlı metodiki məqamları, məşq prosesinin baza hissəsini izah etdikdən sonra yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov öz fikirlərini səsləndirib. O, əsasən, yeniyetmə güləşçilərin çəkisalma prosesinə toxunub. Bildirib ki, U-15 və U-17 yaş qrupunda yer alan idmançıların yarış ərəfəsində çox çəki salması doğru deyil və bu proses onların inkişafını əngəlləyən məqamlardan biridir. Buna adekvat kimi güləşçinin qidalanmasına nəzarətin həyata keçirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Sərbəst güləş üzrə U-17 millinin məşqçisi Vahid Məmmədov da öz zəngin məşqçilik təcrübəsini həmkarları ilə bölüşüb.
Seminarın praktiki hissəsində isə güləş xalçası üzərində müəyyən fəndlərin icrasına və müxtəlif vəziyyətlərdə verilən hakim qərarlarının izahına yer ayrılıb. Tədbir zamanı Qərb bölgəsinin məşqçilərinin müxtəlif mövzularda sualları ətraflı cavablandırılıb.
Sonda seminarda iştirak edən mütəxəssislərə AGF tərəfindən sertifikatlar təqdim edilib.
Seminar bu gün Göyçay şəhərində davam etdiriləcək.