"Gənclik xatirələrim bombalarla bağlıdır, indi bizi bütün Avropa tanıyır" - "Qarabağ"ın məşqçisi
"Gəncliyimiz ağrılı keçdi, həzz ala bilmədik. Demək olar ki, bizdə gənclik olmadı. Həmin dövrün xatirələri bombalar, münaqişələr və dağıdıldığı üçün artıq mövcud olmayan stadionumuzla əlaqəlidir.
Mediasport.az xəbər verir ki, bu sözləri Portuqaliyanın "O`jogo" saytına açıqlamasında "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov deyib.
Ağdam klubu tarixinin bombardiri, hazırda baş məşqçi Qurban Qurbanovun köməkçisi olan mütəxəssis UEFA Avropa Liqasının pley-off mərhələsinin bu gün Bakıda Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək cavab görüşündən danışıb.
Hüseynov karyerası illərində yaşadığı hadisələrdən, Birinci Qarabağ müharibəsi zamanı baş verənlərdən, Ağdamda dağıdılmış “İmarət stadionu”ndan və əfsanəvi komandir, Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ"ın futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovdan söhbət açıb:
"O zaman bizi əhatə edən, dəstək olan insanlar artıq dünyasını dəyişib. İndi hər şey yaxşıdır, amma biz o insanları unuda bilmərik. Komandamız işğal zamanı son ana qədər müqavimət göstərdi. Gördük ki, artıq şəhərin yarısı Ağdamı tərk edib. Orada, sadəcə, biz və əsgərlər qalmışdı. Qarabağın adının qorunub saxlanması üçün böyük ümid biz idik. Bu gün demək olar ki, bütün Avropa bizi tanıyır. Bu isə ən xoşbəxt hisslərdir. Milli Qəhrəman, klubumuzun futbolçusu və məşqçisi olmuş Allahverdi Bağırovun adını çəkmək, onu yad etməyi özümə borc bilirəm".