AÇIQLAMA - "Xəzər Lənkəran"la bağlı xəbər klubdan TƏSDİQLƏNDİ
2016-cı ildə fəaliyyətini dayandıran "Xəzər Lənkəran" futbol klubuna məxsus Lənkəran şəhər stadionu təmirə bağlanıb.
Mediasport.az xəbər verir ki, klubun sahibi - Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali Holdinq" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov arenanın yenilənməsilə bağlı tapşırıq verib, maliyyə ayırıb.
Uzun zamandır istifadəsizlikdən və baxımsızlıqdan yararsız hala düşən kompleksdə yenidənqurma işlərinə bugünlərdə başlanacaq.
Xəbəri cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri olmuş Hüseyn Cəbrayıloğlu təsdiq edib.
Sabiq klub rəsmisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Çoxsaylı müraciətlər - telefon zəngi, mesajlara ümumi cavab olaraq yazmağı borc bildim. "Xəzər Lənkəran" stadionunun təmirə bağlanması xəbəri həqiqətdir!
Komandanın nə vaxt yaranacağı, komandaya vəsait ayrılıb kimi ifadələrə indidən aldanıb ürəyimizi oynatmayaq.
Amma nəzərə alın ki, 2016-cı ildən sonra bu xəbər-hadisə "Xəzər Lənkəran" ətrafında baş vermiş ən gözəl və ən pozitiv xəbərdir.
Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq.
Daha gözəl xəbərlər vermək ümidi ilə ən böyük " Xəzər Lənkəran"!