"Tam üstün oynadıq, yaxşı hesabla qalib gəlməli idik, buna da şükür"
"Turan Tovuz"un əsas kapitanı Kamal Bayramov Mediasport.az saytına müsahibə verib.
"Sumqayıt"la oyun haqda nə deyə bilərsiz?
- Çətin həftə keçirtdik. Çox üzüntülü, psixoloji gərgin olduq. "Qəbələ" səfərində 0:4 uduzmağımız bizə çox ağır oldu. Amma toparlandıq, "Sumqayıt"la tam üstün futbol oynadıq. Ani diqqətsizlikdən qollar buraxdıq. Buna baxmayaraq, təslim olmadıq.
Fasilədə baş məşqçi futbolçulara nə tapşırıq verdi ki, ikinci hissə başlayan kimi 2 qol vura bildiz?
- Ayxan Abbasov hər zaman bizi psixoloji cəhətdən yüksək səviyyədə saxlamağa çalışır. Fasilədə dəyişiklik etdi və ilk 10 dəqiqəsi üçün xüsusi riskli tapşırıqlar verdi. Sevindirici haldır ki, futbolçular tapşırığı icra etməyi bacardılar.
2:2 hesablı heç-heçəni qələbəyə bərabər saymaq olar?
- Oyunda tam üstün tərəf biz idik. Canlı yayımda hamı baxıb. Yaxşı hesabla qalib gəlməli idik. Buna da şükür.
Adәtәn start heyәtindә digər qapıçılar çıxırdı. Bu dәfә baş məşqçi sizə şans verdi.
- Bu, baş məşqçinin qərarıdır. Biz üzərimizə düşən yükü daşımağa çalışırıq. Digər həmkarlarıma şəxsi güvənim böyükdür. Onlar inandığımız qapıçılardır.
Kubokda da mübarizəni davam etdirirsiz. Sizin üçün daha vacib olan hansıdır?
- Hər ikisi önəmli turnirdir. Bacardıqca maksimum irəliləmək istəyirik.
Çempionatda 4 turdur qalib gələ bilmirsiz, bunu çox uğursuz nəticə saymaq olar?
- 4 oyundur qələbə qazanmasaq da, yaxşı oyun sərgiləyirik. Bunun nəticəsi gec-tez gəlməlidir.
Qarşıda “Neftçi” ilə çətin səfər oyunu var. Uzun müddətdən sonra qələbəni məhz həmin oyunda qazana bilərsiz?
- "Neftçi" səfəri bütün komandalar üçün ağırdır. Vaxtımız var. Bərpa olunub hazırlaşacağıq. Allah xeyirlisini nəsib etsin.