"Neftçi" əfsanəsinin oğlu 1-ci Liqa klubuna baş məşqçi təyin edilib

 "Neftçi" əfsanəsinin oğlu 1-ci Liqa klubuna baş məşqçi təyin edilib

Futbol üzrə Azərbaycan 1-ci Liqasında cari mövsümün ikinci baş məşqçi istefası reallaşıb.

"Araz Saatlı"nın Şəhriyar Məmmədovu postundan uzaqlaşdırıb Rüfət Quliyevi baş məşqçi təyin etməsinin ardından "Difai" rəhbərliyi də radikal addıma əl atıb.

Çempionatda geridə qalan 6 tura 1 qələbə qazana bilməyən komanda "Qarabağ"ın sabiq hücumçusu Paşa Əliyevlə yollarını ayırıb.

Aktivindəki 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış Ağsu təmsilçisini bundan sonra Elgiz Kərəmli çalışdıracaq.

Debütantın gənc məşqçisi ötənlərin futbolçusu olub, əsasən ovaxtkı Birinci Divizionda çıxış edib. Məşqçi kimi "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarında çalışıb.

Kərəmlinin atası "Neftçi"nin əfsanəvi hücumçularından, Azərbaycan çempionatları tarixinin bombardiri Nazim Əliyevdir.

O, 1988, 1994-1996-cı illər ərzində "ağ-qaralar"ın heyətində 49 oyun keçirib, 48 qol vurub.

Sabiq hücumçu 1995-ci ildə “Neftçi” ilə Azərbaycan Kubokunu və Superkubokunu qazanıb, 26 qolla ölkə çempionatının ən yaxşı bombardiri olub.

Nazim Əliyev, ümumilikdə, 183 qolla Azərbaycan çempionatları tarixində ən çox qol vurmuş futbolçudur.

MEDİASPORT.AZ