Ukraynalı məşqçi: “Zirə” rəqiblər arasında ən çətinlərindən biri idi”
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq "Şerif"in baş məşqçisi Yuri Hura püşkatmanı dəyərləndirib.
Mediasport.az xəbər verir ki, Moldova klubunun çalışdırıcısı Azərbaycan təmsilçisini ən çətin rəqib adlandırıb.
Ukraynalı mütəxəssis bildirib ki, “Zirə” mümkün rəqiblər arasında ən arzuolunmaz kollektiv idi:
“Avropada zəif rəqib yoxdur. “Zirə” çox yaxşı təşkilatlanmış komandadır. Öz çempionatında az qol vurub, az top buraxır. Qarşıdakı günlərdə rəqib haqqında daha çox məlumat toplamağa çalışacağıq. İlk matçın Moldovada keçiriləcəyinin böyük əhəmiyyəti yoxdur. Çünki indi səfər qələbəsi, səfərdə vurulan top elə də rol oynamır".
Xatırladaq ki, komandalar arasında ilk duel iyulun 11-də Tiraspolda baş tutacaq.