"10-15 saniyə zaman dondu, heç bir reaksiya verə bilmədim"
"Həm sevincli, həm də üzgünəm. Hər iki komandanı təbrik edirəm. Rəqibimiz də çox gözəl oyun göstərdi. Məni ən çox sevindirən odur ki, ötən oyundan sonra psixoloji xəsarət qalmamışdı".
Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun "Bayer"lə evdəki matçından sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
Ağdam klubunun rəhbəri oyun haqda düşüncələrini bölüşüb, "Qarabağ"ın çıxışından tam razı qaldığını bildirib:
- Ötən oyunla müqayisədə, komandada həyəcan, psixoloji "travma" yox idi. Bu, Qurban Qurbanovun məharətidir. Özünə inanan, hücum futbolu oynayan, risklər edən bir "Qarabağ" var idi. Son dəqiqələrdə gələn qola söz tapa bilmirəm. Bu, futboldur, hər zaman yaxşı oynayan qazanmır. Biz bu axşam çox gözəl oynadıq. Qələbə qazansaydıq, Zəfər Bayramında möhtəşəm hədiyyə olacaqdı.
T.Gözəl penalti epizodu haqqında bunları qeyd edib: "10-15 saniyə mənim üçün zaman dondu, heç bir reaksiya verə bilmədim. Ümidim var idi ki, VAR penaltini ləğv edəcək. Futboldur, oldu. Önümüzə baxacağıq. Bu gün rəqiblərimizin oyunu olacaq. Hesab edirəm ki, ikinci yeri tuta bilərik".
Qeyd edək ki, "Qarabağ" Bakıda 0:1 hesabı ilə məğlub olub.