“Əziz Şuşa” beynəlxalq yarışında dördüncü mərhələ yekunlaşdı
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb.
mediasport.az xəbər verir ki, yarışa Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısından start verilib.
Dördüncü mərhələdə idmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vuraraq Göygöl Milli Parkına qədər 102,9 kilometr məsafə qət ediblər.
Yol boyu idmançılar azarkeşlər tərəfindən alqışlanaraq dəstəklənib. Şəhər əhalisi yarışçıların həyəcanına şərik olub.
Yarışda birinci yerin qalibi İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Alessandro Monako olub. İkinci yeri İtaliya komandasının üzvü Emanuele Ansaloni, üçüncü yeri isə Qazaxıstan komandasının üzvü Rudolf Remki tutub.
Hər üç idmançı mükafatlandırılıb. Qalibə mükafatını Göygöl icra başçısı Elvin Paşayev təqdim edib.
“Əziz Şuşa” beynəlxalq velosiped yarışında üç mərhələnin lideri sarı və iki yaşıl köynəyin sahibi italiyalı Emanuele Ansaloni olub. Ən yaxşı dağ velosipedçisi Azərbaycan komandasının üzvü Samir Cəbrayılov, ən yaxşı gənc idmançı Qazaxıstan komandasının üzvü Rudolf Remki seçilib.
İdmançılar iyunun 11-də Beyləqan-Şuşa marşrutu üzrə 134,9 kilometr məsafəni qət edəcəklər.