10 milyon dollar! - 1/8 finala çıxan gürcülərə FANTASTİK MÜKAFAT
Tarixində ilk dəfə iştirak etdiyi futbol üzrə Avropa çempionatının qrup mərhələsi səddini keçən Gürcüstan yığma komandası fantastik mükafat əldə edib.
Mediasport.az xəbər verir ki, 4 xalla 1/8 finala çıxan Villi Sanyolun baş məşqçisi olduğu kollektivə 30 milyon lari (təxminən 10 milyon dollar-red.) mükafat verilib.
Bu barədə məlumatı ölkənin Baş naziri İrakli Koxabidze açıqlayıb. Dövlət rəsmisi qeyd edib ki, komanda buna layiqdir:
"Komandaya qrupdan çıxması üçün vəd edilmiş mükafat təqdim edilib. Əgər pley-offda İspaniyanı da keçsələr, eyni miqdarda mükafat alacaqlar".
Xatırladaq ki, ilk matçda Türkiyə seçməsinə uduzan (1:3) gürcülər qrupun ikinci turunda Çexiya ilə bərabərə qalıb (1:1), sonda nəhəng Portuqaliyaya qalib gəliblər (2:0).
1/8 finalın İspaniya - Gürcüstan matçı iyunun 30-da keçiriləcək və Bakı vaxtilə saat 23:00-da başlanacaq.