Nurlan İbrahimov: "Mənim tanıdığım Qurban Qurbanov... - MÜSAHİBƏ

Nurlan İbrahimov: "Mənim tanıdığım Qurban Qurbanov... - MÜSAHİBƏ

2020-ci ildə UEFA tərəfindən haqsızlıqla üzləşərək futbol fəaliyyətinə ömürlük qadağa qoyulan "Qarabağ"ın mətbuat xidmətinin keçmiş rəhbəri Nurlan İbrahimov mediasport.az saytına müsahibə verib. Futboldan uzaqlaşdırılandan bir müddət sonra "CanSports" idman turizmi və konsaltinq şirkəti açan sabiq klub rəsmisi yeni işi, planları, maraqlı mətləblər haqda danışıb.


Bugünlərdə futboldan uzaqlaşdırılmağınızın iki ili tamam oldu. Darıxırsız?

- Bu yaxınlarda fərqinə vardım ki, iki ildir "Qarabağ"da çalışmıram. Əslində, zaman olaraq həm qısa, həm uzundur. Niyə qısa, niyə uzun olduğunu ifadə etmək doğru deyil. Yəqin, anlaşılandır. Darıxmağa gəlincə, insan dəyərli olan hər şeyi hər zaman özləyir, bu, insanın fitrətində olan bir şeydir. "Qarabağ" üçün istənilən halda ordakı münasibətlər baxımından darıxmağım normaldır. İş üçünmü darıxmışam? Yox! Amma təbii ki, münasibətlər baxımından, mənəvi cəhətdən dəyərli olan şeylər üçün darıxmağım normaldır.

Uzun illər bu komandanın içində olmusuz, "Qarabağ"dan ayrı olmaq necə hissdir? Ümumiyyətlə, bir zamanlar parçası olduğunuz komandanın oyunlarını, uğurlarını kənardan azarkeş kimi izləmək sizə necə təsir edir?

- Özümü tam olaraq "Qarabağ"dan ayrı saymıram. Çox nadir hallarda, ildə bir dəfə bazaya gedib-gəlirəm. Amma 15 il birlikdə yaşamısansa, istər-istəməz bir bağlılıq olur. Mən "Qarabağ"ın bütün oyunlarını tv-dən izləyirəm. İnsan müəyyən müddətdən sonra alışır. Məsələn, əvvəllər oyuna baxanda iş tərəfdən baxırdımsa, müəyyən bir məsuliyyətim olurdusa, indi tamam başqa prizmadan, azarkeş kimi baxıram. Belə olanda insan alışa bilir.

"Qarabağ"ın qarşıda "Gent"lə çətin oyunları var, nə düşünürsüz, komandamızın mərhələ adlamaq şansları nə qədərdir, ümumiyyətlə, hara qədər irəliləmək olar?

- Heç vaxt futbola proqnoz baxımından yanaşmıram. Hər şey inamdan başlayır. Heç kim "Gent"i və ya "Qarabağ"ı daha çox şanslı görə bilməz. Məncə, şanslar bərabərdir. Düzdür, "Qarabağ"da köklü dəyişikliklər olub. Əsas üzvlərindən Kadi komandadan gedib. Gedənlərin yerinə daha çox oyunçu alınıb və bu da daha çox rotasiya etmək imkanı verir. Ancaq yeni gələnlərin adaptasiyası da çox önəmlidir. Biz "Gent"ə necə yanaşırıqsa, eyni zamanda "Gent" də "Qarabağ"a o cür yanaşır və ciddi qəbul edir. Əvvəllər mənzərə fərqli idi. 5 il bundan əvvələ qədər "Qarabağ" az tanınan, təcrübəsiz, sürpriz komanda idi, ancaq indi komanda o qədər böyüyüb ki, artıq rəqiblər onu analiz edir, ciddi yanaşır. Hal-hazırda şanslar 50/50-dir. Haçansa desəydilər ki, bir Azərbaycan komandası Avropa miqyaslı turnirdə pley-off oynayacaq, şansları yarı-yarı olacaq, buna heç kəs inanmazdı. Yarışın Konfrans Liqası olması nə turnirin, nə "Gent"in çəkisini azaldır, nə də "Qarabağ"ın etdiklərinə kölgə salır. Burada olmaq özü də böyük uğurdur. Hər şeyi xırda detallar müəyyənləşdirəcək. Şahruddin də çox ciddi zədə alıb. Keçən il pley-offda "Marsel"lə matç öncəsi də sıradan çıxmışdı. Ola bilər, o vaxta qədər "Qarabağ" yeni qapıçı gətirə bilər. Komandanın yeni  transferləri bir neçə il öncəyə qədər Azərbaycana gəlməzdi bəlkə də. İnanmazdıq. Diakabi və Cicanın artan performansla Avropanın hər hansı klubunun əvəzinə "Qarabağ"ı seçməsi də böyük bir uğurdur. Komandanın avrokubokda hansı mərhələyə qədər irəliləyəcəyini demək çətndir. Bura qədər gəlmək elə ciddi uğurdan xəbər verir. Rəqiblər kifayət qədər ciddidir. Ancaq mənim tanıdığım Qurban Qurbanov maksimum irəliləməyə çalışacaq.

Futbolla birbaşa məşğul deyilsiz, amma həm də idmanın içində olduğunuzu deyə bilərik. Yeni iş yeriniz, yeni şirkət, onun çətinlikləri haqda fikirləriniz maraqlıdır.

- Mən bu işi sevirəm. İllər əvvəl "Futbol+" qəzetində çalışmışam. Daha sonra "Qarabağ"da əldə etdiyim təcrübə ilə bu işə girdim. İstənilən işi qurduğun zaman müəyyən qədər çətinliklər olur. Onun nəbzini öyrənmək lazımdır. İş görənlə iş gördürən təmamilə fərqli anlayışdır. O baxımdan müəyyən prosedurlar var ki, onlara alışmaq lazımdır. Son illərdə futbol klublarımız, idman camiəsi bu xidmət  sahəsinin əhəmiyyətini daha yaxşı anlayır. Biz də bunu təkmilləşdirməyə çalışırıq. Təbii, müəyyən bir zaman lazımdır ki, həm iş görən, həm iş gördürən bu təcrübəyə alışsın.

Bugünlərdə "Qarabağ" azarkeşləri üçün Belçikaya səfər paketi təklif etdiz. Azarkeşlər arasında maraq necədir, müraciət edənlər çoxdur?

- "Qarabağ"da işlədiyim zaman bununla bağlı çoxlu söz-söhbətlər olurdu. Deyirdilər ki, niyə "Qarabağ" azarkeşlər üçün hər hansı səfərlər təşkil etmir. İndi Konfrans Liqasının pley-offudur, önəmli oyundur, Gent də gözəl şəhərdir. Bununla bağlı biz də bir təklif hazırladıq. Həm klub olaraq "Qarabağ", həm də Gənclər və İdman Nazirliyi bunu çox yaxşı qarşıladı. Nazirlikdəki dəyişikliklərdən sonra bu sahədə çox aktivdirlər, ölkə futbolunun, Azərbaycan idmanının inkişafına dəstək olmağa çalışırlar. Sosial şəbəkə hesablarından da paylaşdılar. Yaxşı səs-küy oldu. Neçə nəfər səfərə gedəcək, bilmirəm, bunu zaman göstərəcək, amma ən azından 500-dən çox müraciət daxil olub. Bu işlərə bir yerdən başlamaq lazımdır, belə düşünürəm.

Klublarımız yay və qış təlim məşq toplanışlarını ölkə xaricində keçirir. Aralarında müştəriləriniz var? Yaxud bu istiqamətdə əməkdaşlığa dair hansısa görüşlər olub? Ümumiyyətlə, əməkdaşlıq üçün hansısa formada təklif hazırlayıb klublara göndərirmisiz, yoxsa qarşı tərəfdən müraciətlər gözləyirsiz?

- Yox. Mən yalnız Peşəkar Futbol Liqasının və "CBC Sport"un Antalya toplanışının təşkilatçılığını yerinə yetirmişəm. Bu işə başlayanda klubların hamısı, demək olar, planlarını qurmuşdular. 1-2 danışığımız oldu, o da baş tutmadı. Hər hansı bir danışıq olan zaman onun büdcəsi müəyyənləşir, nə istədiyi ilə maraqlanırsan, çünki hər klub fərqli komandalarla oynamağa çalışır, fərqli istəkləri olur. Ancaq yay mövsümündə daha geniş imkanlarımızın olacağını düşünürəm. Bütün klublarda çalışan insanlarla münasibətlərim var. Əslində isti yanaşırlar. Bu baxımdan fikirləşirəm ki, yayda daha rahat əməkdaşlıq etmək şansımızın olacaq.

İdman turizmi ölkədə o qədər də inkişaf eləmiş sahə deyil.  Bu sahənin inkişafı üçün nə kimi yeniliklər etməyi düşünürsüz, gələcək planlarınız hansı yöndədir? 

-Bəli, sizinlə razıyam. Mənim bu istiqamətdə düşüncələrim var, araşdırmalar edirəm. Təkcə futbol yox, eyni zamanda kənardan ölkəyə bu istiqamətdə idman turizmini cəlb etməyə çalışıram. Hansı istiqamətdə, hansı idman növü üzrə, hansı kateqoriyada yarışların, təlim-məşq toplanışlarının keçirilməsinin mümkünlüyü barədə araşdırmalarımı davam etdirirəm. Ölkəmizin çox böyük idman, turizm potensialının olduğunu düşünürəm. Həm yay, həm qış üçün böyük prespektiv vəd edir. İnşallah, çalışırıq və yaxın zamanlarda bu istiqamətdə işlər görə biləcəyimizə inanırıq.


Sevinc Məmmədova, xüsusi olaraq mediasport.az saytı üçün