"2 qol buraxdıqdan sonra geri dönmək asan olmadı" - Alonso
"2 qol buraxdıqdan sonra geri dönmək asan olmadı. Hesab 2:2 olanda sonra komandanın daha çox istədiyini gördüm. Futbolçularım çox yaxşı çıxış etdilər".
Mediasport.az xəbər verir ki, bu sözləri Almaniyanın "Bayer" klubunun baş məşqçisi Şabi Alonso deyib.
1/8 finalda "Qarabağ"ı son dəqiqə qolları ilə mübarizədən kənarlaşdıran Leverkuzen təmsilçisinin çalışdırıcısı matç barədə fikirlərini bölüşüb:
"Mərhələni keçdiyimiz üçün çox şadam. Hamımız eyni gəmidəyik və komanda ruhu bu mövsüm ən vacib şeydir. Mübarizə aparmaq istəyirik. Görürəm ki, komandada inam və aclıq var. Bu mənim üçün çox xoşdur. Frimponqun ilk qolundan sonra komandanın çox istəkli olduğunu gördüm. Patrik Şikin qolları da gözəl alındı".
İspan çalışdırıcı hesab bərabərləşəndən sonra əlavə vaxta hazırlaşdıqlarını vurğulayıb:
“Artıq beynimdə əlavə vaxtın planlarını qurmuşdum. Futbolçulara nə deyəcəyimi, hansı tapşırıqları verəcəyimi düşünürdüm. 90+8-ci dəqiqədə qələbə topunu vuracağımızı gözləmirdim".
Xatırladaq ki, ötən həftə Bakıda rəqibi ilə 2:2 hesablı bərabərə qalan Qurban Qurbanovun komandası dünən "BayArena"da 2:3 məğlub olub.