"Dinamo" ilk oyunda layiqli qələbə qazanmadı" - Ceyhun Sultanov

"Dinamo" ilk oyunda layiqli qələbə qazanmadı" - Ceyhun Sultanov

"Qarabağ" sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq.

Sabah keçiriləcək cavab oyunu ilə bağlı Mediasport.az saytına açıqlama verən Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov əvvəlcə ilk matçda qeydə alınan nəticə haqda fikirlərini bölüşüb.

Təcrübəli futbol funksioneri 3:0 hesabının ədalətli olmadığını deyib:

"Mənə görə, "Dinamo" (Zaqreb) - "Qarabağ" matçında xorvatiyalılar layiqli qələbə qazanmadılar. Çünki təmsilçimiz əlinə düşən fürsətlərdən yararlana bilsəydi, "Dinamo"nu məğlub edəcəkdi. Burada bir önəmli məsələ də var: rəqib daha təcrübəlidir. Lakin oyun baxımdan "Qarabağ" daha yaxşı oynadı. Əfsuslar olsun ki, futbol səhvlər oyunudur. Kim daha çox səhv edirsə, o da məğlub olur".

45 yaşlı sabiq futbolçu sabah baş tutacaq cavab qarşılaşmasında "köhlən atlar"ın qalib gələcəyini düşünür:

"Cavab matçına gəldikdə, 0:3 hesabını geri çevirmək çətin olacaq, amma düşünürəm ki, "Qarabağ" evdə daha kompakt oynamaqla, imkanlardan istifadə etməklə qələbə qazanacaq. Tam geridönüş inandırıcı görünməsə də, inanmalıyıq. Məncə, Ağdam təmsilçisi evdə daha yaxşı oynayıb qalib gələcək".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 20:45-də start götürəcək.

Rövşən ƏLİSOY