"Biz artıq 2028-ci il Yay Olimpiya Oyunlarına hazırlığa start vermişik"
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən "Bakı Marafonu 2024"də iştirak edən Azərbaycanın idman və gənclər naziri Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırıb.
Mediasport.az xəbər verir ki, nazir "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışda iştirakçıların sayının ildən-ilə artdığını deyib.
"Bakı Marafonu 2024"də iştirak etdiniz. Mübarizə gərgin keçdi?
- Ənənəyə sadiq olaraq Bakı sakinləri və şəhərimizin qonaqları "Bakı Marafonu 2024" yarımmarafonuna qoşulublar. Sevindirici haldır ki, ildən-ilə iştirakçıların sayı artır. Digər məqam isə finişə çatan marafonçuların sayının çoxalmasıdır. Bu, daha çox insanın idmanla məşğul olması deməkdir. Marafonla yanaşı, Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan Atletika Federasiyası ilə birlikdə hər ay müxtəlif yarışlar təşkil edir. Bütün bu amillər idmanda kütləviliyin nail olunmasına böyük təkan verir.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya sayı artmaqdadır. Xüsusilə avarçəkmə və basketbolun 3x3 növündə ilk dəfə komanda şəklində təmsil olunacağıq. Oyunlara hazırlıqla bağlı fikirləriniz necədir?
- Bəli, lisenziyalarımızın sayı artmaqdadır. Təxminən 1 ay sonra bütün lisenziyaçılarımız müəyyənləşəcək. İdmançılarımıza məsul yarışda uğurlar aruzlayıram. İnanıram ki, Yay Olimpiya Oyunlarında layiqincə çıxış edə biləcəyik. Bildiyiniz kimi, bəzi idman federasiyalarında dəyişikliklər baş verdi, komandalarda nəsildəyişmə prosesi oldu. Biz artıq 2028-ci il Yay Olimpiya Oyunlarına hazırlığa start vermişik. Ümid edirəm ki, 4 il sonra daha çox lisenziya əldə edəcəyik. Bu istiqamətdə federasiyalar müxtəlif tədbirlər həyata keçirirlər, yeni mütəxəssislər yetişir. Bu həftə Bakıda bədii gimnastika üzrə Avropa kuboku, atıcılıq üzrə Dünya kuboku, Mingəçevirdə avarçəkmə üzrə Prezident kuboku, Göygöldə cüdo üzrə kadetlərin Avropa kuboku keçirilir. Bakı Marafonuna da beynəlxalq status vermək olar. Burada iştirak üçün bir çox ölkənin nümayəndələri gəliblər. Həm nazirlik, həm federasiyalar, həm idman qurğuları Azərbaycanda idmanın kütləviliyinin artması istiqamətində birgə fəaliyyət göstərir. Kütləvilik artsa, nəticələr də artacaq.
Siz son 2 ildə marafonda iştirak etmisiniz. Hansı nəticəniz daha yüksək oldu?
- Artıq 3-cü dəfədir Bakı Marafonunda iştirak edirəm. Ötən il nəticəmi 20 dəqiqə yaxşılaşdırmışdım. Bu dəfə isə 9 dəqiqə daha tez finişə çatdım.