Qurban Qurbanov səfər qələbəsini şərh etdi: "psixoloji yorğunluq çox idi"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Cəbəllütariq səfərində keçirilən "Linkoln"la oyundan sonra açıqlama verib.
MediaSport.az xəbər verir ki, 2:1 hesablı qələbəni şərh edən mütəxəssis görüşün asan keçmədiyini deyib.
O, rəqibin gözlədikləri kimi oynadıqlarını vurğulayıb:
"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Meydança amilini və hava şəraitini götürsək, futbolçular üçün oynamaq elə də asan deyildi. Amma bir neçə epizodu çıxsaq, 90 dəqiqəni çox diqqətli oynadılar. Komanda çox təcrübəli futbolçulardan qurulub, hər biri də son ötürməni verə biləcək, son nöqtəni qoymaq bacarığına malikdirlər. "Linkoln" təxmini düşündüyümüz kimi oynadı. Bir buraxdığımız qol və digər epizodda futbolçularım diqqətsiz oldular. 23-24 günlük səfərdən sonra psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, oyunçular sona kimi özlərini düzgün idarə edə bildilər və sonda şükürlər olsun qələbə qolunu da vurduq. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Onları təbrik edirəm".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.