Azərbaycan futbolunun yeni idarəçisi kimdir? - TANIYAQ

Azərbaycan futbolunun yeni idarəçisi kimdir? - TANIYAQ

Bu gün “Bulvar Marriott Hotel"də AFFA-nın Hesabat-Seçki Konfransı keçirilib. Rövşən Nəcəf yekdilliklə AFFA-nın yeni prezidenti seçilib.

Mediasport.az xəbər verir ki, tək namizəd Rövşən Nəcəf yekdilliklə AFFA-nın prezidenti seçilib.

Federasiyanın yeni rəhbəri kimdir? - Rövşən Nəcəfin tərcümeyi-halını təqdim edirik:

Rövşən Nəcəf Çingiz oğlu 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.

2007-2008-ci illərdə ARDNŞ-nin təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə ADİU-nin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının (AR) İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq Departamentinin İnvestisiya siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

2008-2009-cu illərdə ARDNŞ-nin Sərmayələr İdarəsinin Sərmayələr üzrə kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009-2010-cu illərdə AR İqtisadi İnkişaf Nazirliyində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və İqtisadi inkişaf nazirinin köməkçisi olub. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 2018-ci il 11 may tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, 2019-cu il 28 avqust tarixində AR Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixində AR İqtisadiyyat nazirinin müavini, 2021-ci il 24 dekabr tarixində AR İqtisadiyyat nazirinin birinci müavini, 2022-ci il 10 fevral tarixində SOCAR-ın birinci vitse-prezidenti və prezidenti vəzifəsinin müvəqqəti icraçısı, 2022-ci il 21 iyul tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3-cü dərəcəli dövlət müşaviridir.

30 noyabr 2022-ci ildən bu günədək “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri olub.