"Ardıcıl ikidən artıq ötürmə edə bilmirdik" - "Molde"nin forvardı

"Ardıcıl ikidən artıq ötürmə edə bilmirdik" - "Molde"nin forvardı

“Molde”nin hücumçusu Veton Berişa UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra Mediasport.az saytına müsahibə verib.


“Qarabağ”a məğlubiyyəti necə şərh edərdin?

- İlk olaraq onu deyə bilərəm ki, bizdən daha yaxşı oynayan komandaya uduzduq. Açıq demək lazımdır, “Qarabağ” həm müdafiədə, həm də hücumda bizdən daha yaxşı idi.

Məğlubiyyətə əsas səbəb nə oldu?

- Biz mövqe səhvləri edirdik. Bir-birimizdən çox aralı oynayırdıq. "Qarabağ" isə çox aqressiv idi, buna görə biz ötürmələrdə səhvlərə çox yol verdik. Əksər hallarda ardıcıl ikidən artıq ötürmə edə bilmirdik. Rəqib topu bizdən çox tez ala bilirdi. “Qarabağ” çox keyfiyyətli oyunçulara malikdir.

Matçın gedişində belə təəssürat yaranırdı ki, Bakıya 1 xal üçün gəlmisiz. Belə idi?

- Əlbəttə, yox. Əsas məqsəd həmişə yaxşı futbol oynayıb qələbə qazanmaqdır. Düzdür, 1 xal qazana bilərdik. Təəssüf ki, oyunumuzdakı çatışmazlıqlar buna imkan vermədi. "Qarabağ" bizdən daha yaxşı idi.

Bu məğlubiyyəti “Molde” üçün gözlənilməz hesab etmək olar?

- Düşünürəm ki, bu suala həm “hə”, həm də “yox” cavabı verə bilərəm. Biz məğlub olduq, "Qarabağ" isə qələbə qazandı. Ümid edirəm ki, növbəti matçda evdə qələbə qazanacağıq.

Bəs "Qarabağ"dan belə oyun gözləyirdiz?

- Bəli, rəqibin əvvəlki matçlarına baxmışdıq. Aqressiv oynadıqlarından məlumatlı idik. Biz onlardan bacardığımız qədər topu tez almalı idik, lakin öhdəsindən gələ bilmədik.

Stadiondakı atmosfer barədə nə deyə bilərsiz?

- “Qarabağ”ın yaxşı azarkeşləri var. Onlar komandaya xeyli dəstək oldular. Hiss olunur ki, onlar üçün qələbə önəmlidir.

Növbəti turda qrupun favoriti “Bayer"lə qarşılaşacaqsız.

- Hazırda Almaniya klubu barədə düşünmürük. Həmin görüşə hazırlaşmaq üçün 2 həftə vaxtımız var. Qarşıda bizi çempionat matçı gözləyir. Qısaca onu deyə bilərəm ki, "Bayer" qarşı evdə oynayacağıq. Hər matça olduğu kimi, həmin görüşə də qələbə üçün çıxacağıq.

Elvin