ASAPES və Rusiya universiteti arasında memorandum imzalanıb
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyevin rəhbərliyi ilə ASAPES nümayəndə heyəti Rusiyanın Kazan şəhərində səfərdədir.
Mediasport.az xəbər verir ki, səfər çərçivəsində ASAPES və Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında memorandum imzalanıb.
Memoranduma əsasən, tərəflər arasında ümumi maraqları əhatə edən tədris, elm və beynəlxalq əlaqələr sahələri üzrə əməkdaşlıq məsələləri rəsmiləşdirilib.
Eyni zamanda Fuad Hacıyev Tatarıstan Respublikası Baş nazirinin müavini Leyla Fazleyeva ilə görüşüb.
Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun müşayiəti ilə respublika Nazirlər Kabinetində baş tutan görüşdə kadrların birgə hazırlanması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin təhsil, tərbiyə məsələlərini, bədən tərbiyəsi və idman sahəsində birgə elmi tədqiqatların mümkün variantlarını müzakirə ediblər.