Bu gün daha 2 güləşçimiz Avropa çempionu ola, 2-si "bürünc" qazana bilər - Qadınlar da yarışa başlayır
Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, 3-cü yarış günündə qadınlar da olmaqla, Azərbaycanın 7 təmsilçisi xalça üzərinə çıxacaq.
Qadınlardan Şahanə Nəzərova (50 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (59 kq) mübarizəyə qoşulacaqlar.
Daha sonra Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal üçün güləşəcək.
Ruslan Nurullayev (72 kq) bürünc medal uğrunda, Murad Əhmədiyev (97 kq) isə təsəlliverici görüşdə gücünü sınayacaq.
Xatırladaq ki, əvvəlki iki gündə millimiz 4 mükafat əldə edib - Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.