"Avropa Liqasında asan oyunlar olmur" - Abdullah Zubir
"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının 6-cı turunun "Sabah"la oyunundan sonra (2:0) Mediasport.az saytının suallarını cavablandırıb.
"Sabah" üzərində qələbəni necə şərh edərdin?
- Yaxşı rəqibə qarşı yaxşı qələbə qazandıq. Bu, heç də asan oyun olmadı. Çünki "Sabah" yaxşı komandadır. Kompakt oynayırdılar. Belədə çox qol şansı yaratmaq olmurdu. Ancaq bizim qol epizodlarımız oldu. İki qol vurub qələbə qazandıq. Qalib gəldiyimizə görə şadıq.
15 günlük fasilədən yaxşı istifadə etdiyinizi demək olar?
- Bəli, bəli. Bu ərəfədə biz Bakıda idik. Çox yaxşı işlədik. Çempionat bizim üçün vacibdir. Həm də artıq Avropa Liqasının qrup matçları başlayır. Bu mənada hazırlıq vacib idi. Həm yaxşı formada olmalıyıq, həm də özgüvənli olmaq üçün bu gün qalib gəlməliydik. Bunu qazandığımız üçün sevinirəm.
"Səbail"lə görüşdə uduzmuşduz, ondan əvvəl də xal itkiləri var idi. "Sabah"a qalib gələrək psixoloji baryeri keçdiyinizi demək olar?
- Elədir, çempionatda bir neçə xal itirdik. Amma hamısı yaxşı komandalar idi, yaxşı oynayırdılar. "Sabah"la matçda qazandığımız qələbə bizim üçün yaxşı olacaq.
Növbəti görüş Avropa Liqasının qrup mərhələsində "Molde"yə qarşı olacaq - Bu matçla bağlı düşüncələrin necədir?
- Avropa Liqasında asan oyunlar olmur. Qrupumuzda çətin komandalar var. Amma biz "Molde"ni analiz edəcəyik. Bu oyunda qələbə üçün oynayacağıq. Çünki rəqibi evdə qəbul edəcəyik. Çalışıb yaxşı hazırlaşacağıq.