Avropa Liqasının ən yaxşıları arasında "Qarabağ"lı da yer alıb
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda Bakıda "Hekken"i məğlub edib (2:1) və növbəti mərhələyə vəsiqə qazanıb.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin hücumçusu Juninyo Olavio qrupda keçirilən 6 qarşılaşmada qapıya ən çox zərbə vuranlar arasında yer alıb (15 zərbə).
O, 6 futbolçudan geri qalıb və 7-ci pillədə qərarlaşıb. Juninyonun zərbələrindən 6-sı qapıya ünvanlanıbsa, 6-da dəqiqlik çatmayıb. Digər 3 zərbəyə rəqiblər blok qoyublar. Bu göstəricidə lider Yunanıstanın "Panatinaikos" klubunun oyunçusu Fotis Yoannidisdir (21).
Eyni zamanda, braziliyalı ən çox oyundankənar vəziyyətə düşən futbolçulardan olub. 27 yaşlı hücumçu 4 dəfə oyundankənar vəziyyətdə olub. Olavio bu göstəricidə də 7-ci sırada yer alıb.
"Sambaçı" həm də ən çox kobudluğa məruz qalanlar sırasındadır. Rəqiblər Juninyonun önünü 13 dəfə kobudluqla dayandırıblar. "Köhlən atlar"ın üzvü bu dəfə 6-cı olub.
Juninyonun komanda yoldaşı və həmyerlisi Julio Romao isə sarı vərəqə sayında liderlər qrupundadır. O, qrupda keçirilən 6 oyunda 3 dəfə cəzalı duruma düşüb.