Aynur Sofiyeva İcraiyyə Komitəsinə üzv, Elçin Məmmədov sədr seçildi
Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat konfransı keçirilib.
mediasport.az xəbər verir ki, konfransa qurumun prezidenti Mahir Məmmədov rəhbərlik edib.
İclasda Azərbaycan Şahmat Federasiyasının üzvlüyünə yeni şəxslər qəbul edilib. Üzvlük kriteriyalarına əlavələr edilib. 2022-ci ilin və cari təqvim ilinin büdcəsi barədə konfrans iştirakçılarına məlumat verilib. Konfransda AŞF-in nizamnaməsinin bəzi bəndlərinə dəyişikliklər, İcraiyyə Komitəsinin (İK) üzvlərinin sayının artırılması və yeni üzvlərin seçilməsi məsələlərinə baxılıb.
Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev səsvermə ilə İK-nin yeni üzvləri kimi təsdiqləniblər.
Azərbaycan Şahmat Federasiyasının İntizam Komissiyası formalaşdırılıb. İlqar Xələfovla Ələmdar Məmmədov komissiyaya üzv, Elçin Məmmədov sədr seçilib.