Azərbaycan şahmatçısı Xaqan Əhməd növbəti uğura imza atıb
Azərbaycanın istedadlı şahmatçısı Xaqan Əhməd növbəti uğura imza atıb.
Mediasport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Masters” turnirində çıxış edən şahmatçı beynəlxalq usta (International Master) adı üçün tələb olunan üçüncü normativi yerinə yetirib.
Təmsilçimizə beynəlxalq qrossmeyster olmaq üçün ilk normativi təsdiqləməyə cəmi yarım xal çatmayıb.
Şahmatçı açıqlamasında gələcək hədəflərindən danışıb:
“Əbu-Dabi turniri yaxşı keçdi. Hədəfim beynəlxalq qrossmeyster üçün tələb olunan ilk normativi yerinə yetirmək idi. Təəssüf ki, yarım xalım çatmadı. Amma həvəsdən düşmürəm.
Şahmatı çox sevirəm, başa düşürəm ki, səylə çalışmağı davam etdirməliyəm, Hazırda arzum tezliklə beynəlxalq qrossmeyster olmaq və FIDE reytinqimi 2700 əmsala çatdırmaqdır. Bütün bunlardan sonra məqsədim milli komandada çıxış etməkdir”.
Qeyd edək ki, Xaqan Əhməd Azərbaycanın istedadlı şahmatçılarından sayılır.
Cari ilin əvvəlində FIDE-nin təsis etdiyi Şahmat Akademiyasına cəlb edilib.
O, 450 yeniyetmə arasından seçilərək əyani məşqlərə dəvət olunub.