Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medalla başa vurub

Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medalla başa vurub

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, 5 gün davam edən yarışda 11 ölkənin 121 idmançısı qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib.

Yığmamızın heyətində həlledici görüşdə Həsən Məlikov (48 kq) qazaxıstanlı Temirtaş Jussupovla qarşılaşıb. Rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən boksçumuz qızıl medala sahib olub.

57 kq-da Şamil Əsgərov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk raunddan sonra Xudoynazar Fayzovun (Özbəkistan) döyüşdən imtina etməsi səbəbindən boksçumuz qalib adına yiyələnib.

Onların uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. Avropa Oyunlarının mükafatçısı finalda Abdullah Madaminovdan (Özbəkistan) güclü olub – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Digər boksçularımızdan Əzrək Bəbirov (60 kq), Murad Allahverdiyev (86 kq) və Alfonso Dominges (92 kq) ikinci yeri tutublar.

Beləliklə, Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medalla başa vurub. Komandamızın heyətində daha öncə Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq) birinci, Mehparə Məmmədova (48 kq), Günel Rəhimova (50 kq), Lalə Namazlı (63 kq) ikinci, Anaxanım İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva, Aysu Dərvişova (hər ikisi 60 kq), Malik Həsənov (63,5 kq), İlqar Salahov (67 kq), Kamran Şahsuvarlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kq), Sərxan Budaqovla (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) üçüncü olub.

Millimiz 5 qızıl, 6 gümüş və 10 bürünc medalla komanda hesabında ikinci yeri tutub. Birinci yerdə Özbəkistan (5-7-6) qərarlaşıb, “üçlüy”ü isə Qazaxıstan (3-2-1) qapayıb.

Turnirdə Şamil Əsgərov (Azərbaycan) ən yaxşı boksçusu, Nəsrəddin Məmmədov (Azərbaycan) ən yaxşı hakim seçilib.