MOK-un baş katibi Azər Əliyev Kora Vaderine Hepburnla görüşüb

MOK-un baş katibi Azər Əliyev Kora Vaderine Hepburnla görüşüb

Milli Olimpiya Komitəsində (MOK) Baham adaları Olimpiya Komitəsinin ilk qadın vitse-prezidenti, "idmanda qadınlar" təşkilatının sədri və Baham adaları Gimnastika Federasiyasının prezidenti Kora Vaderine Hepburnla görüş olub.

Mediasport.az xəbər verir ki, qurumun baş katibi Azər Əliyev MOK-un beynəlxalq idman əlaqələrindən danışıb.

O, bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdiyi uğurlar barədə də qonağa məlumat verib.

Baş katib idmançılarımızın “Paris-2024” Yay Olimpiya Oyunlarına 17 lisenziya qazandığını deyərək bu yaxınlarda ölkə idmanı tarixində qadınlardan ibarət 3x3 basketbol komandamızın da ilk dəfə olimpiadada iştirak etmək hüququ əldə etdiyi vurğulayıb.

Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti Kora Valderine Hepburn isə ikinci dəfə ölkəmizdə olduğunu qeyd edib.

Baham adaları Olimpiya Komitəsinin fəaliyyəti barədə məlumat verən qonaq, həmçinin ölkəsini təmsil edən idmançıların da Olimpiadaya lisenziya qazandığını bildirib.

O, Baham Olimpiya komandasının Yaponiyadakı nümayəndəliyinin ilk rəhbəri, eyni zamanda “Paris-2024” Yay Olimpiya Oyunlarında da ölkəsinin nümayəndə heyətinin rəhbəri olduğunu diqqətə çatdırıb.

İki ölkə arasında idman sahəsi üzrə qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşün sonunda Azər Əliyev Kora Vaderine Hepburna MOK-un xatirə hədiyyəsini təqdim edib.