PFL "Kəpəz"in təqdirəlayiq təşəbbüsünə "hə" dedi
"Kəpəz" sabah Premyer Liqanın 10-cu turunun Gəncədə baş tutacaq "Neftçi" ilə oyun üçün təqdirəlayiq təşəbbüs irəli sürüb.
Gəncə klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayaraq, sabah saat 15:00-da başlanacaq matçda topa ilk toxunuşu 2020-ci ildə ermənilərin Gəncəyə atdığı raket nəticəsində hər iki valideynini itirmiş balaca Hüseynlə həmin günlərdə qəhrəmana çevrilmiş Bəxtiyarın etməsini istəyib.
Qurum qərb klubunun müraciətini müsbət qarşılayıb. Bu barədə PFL-in Texniki-İdman direktoru Elgiz Abbasov sosial şəbəkə hesabında paylaşım edib.
"Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevin mediasport.az saytına bildirdiyinə əsasən, hər iki komandanın kapitanları balaca qəhrəmanlara imzalı top hədiyyə edəcəklər: "Bu, klubumuzun İdarə Heyətinin təşəbbüsüdür. Oyunla bağlı bir neçə ideya var idi, biz üzərində işləyirdik. Amma konkret sabahkı məsələ birbaşa İdarə Heyətinin sədri İlqar Nadirinin ideyasıdır".