"Belə ucuz qollar buraxdıqca nəticələrimizi düzəltmək ağır olacaq" - VİDEO

"Belə ucuz qollar buraxdıqca nəticələrimizi düzəltmək ağır olacaq" - VİDEO

"Bilirdik ki, rəqib son turdakı məğlubiyyətdən sonra bu oyuna böyük istək və motivasiya ilə çıxacaq. Bizim də öz məqsədlərimiz var idi. Təəssüf ki, rəqib bizi üstələdi. Nəticədə layiq olduğu qələbəni qazandı. İlk dəqiqələrdə buraxdığımız qol təsirsiz ötüşmədi".

mediasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 12-ci turunun "Neftçi" (0:3) ilə görüşündən sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.


VAR-ın olmaması oyuna nə dərəcədə təsir etdi? Sonda telefonla hansısa epizoda baxırdız.
Künc zərbəsi epizodunda şübhəli qalmışdım. Ona baxırdım. Əvvəl VAR olmayıb, oynamışıq. Bu gün VAR-a görə rəqib bizi üstələmədi ki, meydanda bizdən daha yaxşı idilər deyə, qalib gəldilər.

“Qəbələ” ilə xal fərqi ikiyə endi. Növbəti turda da onlarla oynayacaqsız.
Bu oyunda xal və ya xallar üçüncülük uğrunda üstünlük yarada bilərdi. Uduzandan sonra üçüncülük mübarizəsində vəziyyətimizi pisləşdirdik. Pis nəticələr bəzən neqativ, bəzən yaxşı təsir edir.

Oyunun əvvəlində komandada ciddi həyəcan görünürdü. Bu, nə ilə bağlı idi?
Yaxşı başlamışdıq, istədiyimiz hər şey alınırdı. 5-6 dəqiqəyə əks-hücumlara çıxdıq. Qapıçı və ya müdafiəçi səhvə yol verirsə, üzərlərində basqı yaranır. İkinci hissədə daha inamlıydılar. Bu il çox ucuz qollar buraxırıq. Belə qollar buraxdıqca nəticələrimizi düzəltmək ağır olacaq. Özü də bunlar əsas rəqiblərimizlə oyunda baş verir. “Qəbələ” ilə matçda bu, olmadı və qalib gəldik. Daha uğurlu nəticələr üçün belə ucuz qollar az buraxmalıyıq. Fərdi səhvlərdi.

"Ucuz qollar" ifadəsini axır vaxtlar tez-tez işlədirsiz. Dediyiniz bu qolların buraxılmaması üçün konkret nə kimi dəyişikliklər etmək lazımdı?

- Buraxdığımız qolların çoxunda individual səhvlərimiz var. Mövqeyindən asılı olmayaraq, təhlil elədikcə görürsən ki, sadə epizodlarda fərdi səhvlərə çox yol veririk. Hər hansı bir qola baxırsan, futbolçularımızdan hansınınsa kobud səhvi görünür. Oynadıqca, bunun üzərində işlədikcə belə səhvləri aradan qaldırmaq olar.

Mehdi Cənnətovun son durumu nə yerdədi?
Oyunlara hazırdı. Qapıçılar arasında sağlam rəqabət var. Hansı daha inamlı görünür, ona şans verilir.

Üç mərkəz müdafiəçisi ilə başlamışdız və belə oynadığınız oyunlarda “Qarabağ”, “Sabah”a da uduzmuşduz. Hər halda təsadüf deyil.
İkinci və üçüncü qolu dördlü müdafiəyə keçəndən sonra buraxdıq. “Qarabağ”la oyunda da sistem dəyişikliyi etdik və dördlü müdafiəyə keçdikdən sonra altı qol buraxdıq. Bir çox şeylərin sistemlə bağlı olmadığını düşünürəm. Məcburiyyətdən getdik buna. Əslində, bu gün beşli müdafiə ilə oynamaq istəmirdim. Heyətə uyğun sistem seçdik. Sistemi dəyişəndən sonra effekt vermədi. Fərdi səhvlər çoxdu. Onları azaltmalıyıq.

Anar Nəzirov da fərdi səhv etdi.
- Nəzərdə tutduğum səhv o deyil. Birəbir mübarizələri çox uduzuruq. Bu ildən bizdə "xəstəlik"  yaranıb. Futbolçularla çox söhbət edirik. Bunu düzəltmək lazımdı.

Elvin