Ehtiram Quliyev: "Bəlkə hansısa qüvvələr futboldan çəkilməyimizi istəyir?"

Ehtiram Quliyev: "Bəlkə hansısa qüvvələr futboldan çəkilməyimizi istəyir?"

Tovuz təmsilçisi "Turan" Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə "Zirə"ni məğlub edib - 1:0.

Mediasport.az xəbər verir ki, "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Klub rəsmisi öncə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Oyunla bağlı mənim fikir bildirməyim doğru olmaz. Azarkeş olaraq deyə bilərəm ki, gözəl oyun oldu. Hər iki tərəf qələbəyə layiq idi. Qismət bizdən yana oldu və qalib gəldik".

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

Oyundan sonra birbaşa paltardəyişmə otağına getdiz. Futbolçulara hansı sözləri dediz?

- Onları təbrik etdim. Yaxşı oyun göstərirdik, sadəcə nəticə gəlmirdi. Hər zaman futbolçuların yanında olurduq. Bildirirdik ki, səbrli olun, əvvəl-axır nəticə gələcək. Göstərdikləri əzmə görə oyunçulara təşəkkür etdim.

Komandaya mükafat olacaq?

- Təbii ki.

Sirr deyilsə, nə qədər?

- Bu, bizim daxili məsələmiz olaraq qalsın. Amma yaxşı bir mükafat vəd etdik.

Azarkeşlər uğursuz nəticələrdən sonra etirazlarını bildirirlər. Onlara sözünüz nədir?

- Bizim azarkeşlərimiz hər zaman haqlıdır. Bu kluba gəlməyimizin başlıca səbəbi onlardır. Azarkeşlər bizim Müşahidə Şuramızdır. Daim onların nəfəsini hiss edəck. Azarkeşlərimizə demək istəyirəm ki, bir az da səbrli olsunlar. Böyük bir planın başlanğıcındayıq. Yeriməyi yeni-yeni öyrənirik. Bir neçə il səbrli olmaq lazımdır.

Dözümsüzlük sizə mənfi enerji ötürmür?

- Xeyr.

Azərbaycan milli komandasında yerli, yoxsa əcnəbi baş məşqçinin olmağının tərəfdarısız?

- Təbii ki, yerli.

Namizədiniz var?

- Yox.

Ayxan Abbasovun adı bəzən milli ilə hallanır...

- Ayxan müəllimdən biz çox razıyıq. Onunla davam etməyi düşünürük. Amma bizim belə yanaşmamız var: milli dava gələrsə, axan sular durar. Ayxan Abbasovun namizədliyi olarsa, onu buraxmağa hazırıq. Onunla 3 illik müqaviləmiz var. Hansısa klubdan təklif gəlsə, buraxmarıq. Amma milli olunca heç bir əlavə şərt irəli sürmədən gedişinə razı olarıq.

Qarşıda qış fasiləsi gəlir. Transferlərlə bağlı baş məşqçi ilə söhbətiniz olub?

- Əlbəttə dəstək göstərəcəyik. Qış transfer pəncərəsində seçim imkanları məhdud olur, amma təkliflər göndərəcəyik.

Mövsümün əvvəlində baş məşqçiniz bildirdi ki, hədəfimiz Premyer Liqada qalmaqdır. Bəzi oyunlarda hakimlərin "Turan Tovuz"a qarşı yanlış qərarları olub. Düşünmürsüz ki, bu açıqlama referiləri arxayınlaşdırıb?

- Xeyr, elə düşünmürəm. Hakimlərdən narazıyam. Tək mən yox, azarkeşlərimiz, futbol ictimaiyyəti, Premyer Liqaya baxan hər kəs bunu görür. Çempionatda ikinci ən çox qol vuran komandayıq. Amma nədənsə 11 metrlik cərimə zərbəsi ala bilmirik. Rəqibin cərimə meydançasında oynayırıq. Bizə qarşı haqsızlıqlar olur. Səbəbini mən də bilmirəm. Bəlkə hansısa qüvvələr əsəbimizi korlayıb ciddi bəyanat verməyimizi, futboldan çəkilməyimizi istəyir? Bəlkə bunu AFFA-ya qarşı "kozır" olaraq istifadə edəcəklər. Bilmirik hansı qüvvədir, hansı təşkilatlanmadır. Əlimdə fakt olmadan danışmağım doğru olmaz. Mən azarkeş olaraq deyirəm. Hər kəs oyunlarımızı görür.

Niyyət sizi futboldan uzaqlaşdırmaqdırsa, bunun arxasınca getməklərinə dəyər?

- Əlbəttə ki, dəyməz. 

Sizcə, bu qərəzdir, yoxsa hakim səhvləri?

- Ümid edirəm ki, hakim səhvləridir. Amma periodikdir. Bir oyun səhvlər olur, bir oyun olmur, sonra yenidən olur. Artıq bu düstura öyrəşmişik.

Ümid edə bilərik ki, Azərbaycanın yeni "Qarabağ"ı Tovuzda yaranacaq?

- Məqsədimiz budur. Yaxşı gənclərimiz var, bu boyda akademiya inşa edirik. Bu, böyük lahiyədir. İnfrastruktura önəm verməyib, iki oyunçu alıb daha yüksək yerləri biz də düşünə bilərdik. Bəs gələn il necə olacaq?

Bu istiqamətdə "Qarabağ" rəhbərliyi ilə müzakirələriniz olub?

- "Qarabağ" rəhbərliyi ilə yaxın dostluğumuz var. Onların təcrübəsindən hər zaman yararlanırıq. Əlbəttə ki, müzakirələrimiz olur.

Ötən müsahibələrinizin birində demişdiz ki, ot örtüyünün dəyişdirilməsi ilə bağlı AFFA-ya müraciət etmişik. Bu məsələ nə yerdə qaldı?

- Onların büdcəsində belə bir plan yoxdur. Digər stadionlarda belə bir dəyişiklik nəzərdə tutulub. Amma biz israrımızı davam etdiririk. AFFA-dan bir daha rica edirik ki, bizə dəstək olsunlar. Sponsor xərclərin 50 faizini qarşılamağa hazırdır. Digər 50 faizini AFFA qarşılasa, təbii ot örtüyündən Azərbaycan futbolu fayda götürər, təkcə"Turan Tovuz" yox.

Hakimlər Komitəsinin rəhbəri Barış Şimşəklə görüşməyi planlaşdırırsız?

- Görüşmüşük. Mətbuata elan etməyimizə ehtiyac yox idi.

Görüşdən razı qaldız?

- Xeyr, qalmadım. PFL əməkdaşları ağır qəzaya düşüb. Onlara Allahdan şəfa diləyirəm. Ona görə də hazırda bu haqda danışmaq düzgün olmaz. Vacib olan insan sağlığıdır. 

- Futbolçunuz Eltun Turabovun pasport problemi həllini tapmır. Bunun səbəbi nədir?

Bilmirəm. Eltun milli komandanın oyunçusu olub. Pasportunun vaxtı bitib. Əlaqədar qurumlara müraciət edirik. Həll edəcəyik deyirlər.