"Biz "Hekken"in qətiyyən zəif olduğunu düşünmürük" - Qurbanov
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşacağı "Hekken" səfərinə yola düşüb.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.
Son iki günü hazırlığa həsr etdiklərini deyən təcrübəli mütəxəssis çalışmaların yaxşı keçdiyini vurğulayıb: "Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. Hələ iki günümüz var. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik. Rəqib qrupun ilk oyununda "Bayer"ə böyük hesabla uduzsa da, biz qətiyyən onların zəif olduğunu düşünmürük. Almaniya klubuna qarşı səfərdə oynayırdılar. Qrupda dəfələrlə belə hallar olub, ilk matçda məğlub olan komandalar daha sonra yaxşı nəticələr əldə edirlər. "Hekken" istənilən rəqiblə görüşdə öz oyun üslubu ilə yaxşı nəticə əldə edə bilir. "Hekken"lə qarşılaşma bizim üçün vacib matçlardan biridir".
Qurbanov heyətlə bağlı problemlərinin olduğunu qeyd edib: "Bəhlul Mustafazadə, Marko Veşoviç zədəlidir. Redon Cica komanda ilə məşqlərə başlasa da, amma hələ tam hazır deyil. Bir-iki mikrozədəlilərimiz var. Onlar qarşıdakı günlərdə hazır olmalıdır".
Qeyd edək ki, görüş oktyabrın 5-də keçiriləcək və Bakı vaxtilə saat 23:00-da başlanacaq.