Bolqarıstanın gənclər və idman naziri ATF rəsmiləri ilə görüşüb
Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Azərbaycan Tennis Federasiyasının (ATF) rəsmiləri ilə görüşüb.
Mediasport.az xəbər verir ki, qurumun vitse-prezidenti Mehman Qocayev bolqarıstanlı nazirə federasiyanın və Bakı Tennis Akademiyasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
O, həmçinin ölkə başçısı İlham Əliyevin idmana diqqət və qayğısından bəhs edib. Qonaq akademiyadakı tennis və padel tennis kortları, mütəxəssislər, infrastruktur imkanları, gənclərin tennisə marağının artması üçün keçirilən layihələr barədə məlumatlandırılıb.
Tanışlıq çərçivəsində gənclər və idman naziri Azərbaycanda çalışan təcrübəli bolqarıstanlı tennis məşqçisi Vasko Mladenovla da görüşüb və ona işində uğurlar arzulayıb. Sonda Dimitar İliev Bakı Tennis Akademiyasında fəaliyyət göstərən fitnes zalı, minifutbol meydançası və üzgüçülük hovuzu ilə də tanış olub.