Britaniyalı səfir və nazir Tofiq Bəhramovun abidəsini ziyarət etdi

Britaniyalı səfir və nazir Tofiq Bəhramovun abidəsini ziyarət etdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə birlikdə dünyaşöhrətli hakim Tofiq Bəhramovun Bakıdakı abidəsini ziyarət edib.

mediasport.az xəbər verir ki, səfir bu haqda şəxsi "tvitter" hesabında paylaşıb.

Diplomat paylaşımını Azərbaycan dilində edib: "Futbol həm Böyük Britaniyada, həm də Azərbaycanda çox sevilir. İngiltərənin 1966-cı ildə futbol üzrə Dünya çempionatını qazanmasında Tofiq Bəhramovun ədalətli qərarının böyük rolu olub. Odur ki, nazir Leo Dokerti ilə bura mütləq gəlmək istəyirdik".

İngiltərə yığması DÇ-1966-nın finalında Almaniya seçməsini 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi olmuş əfsanəvi Tofiq Bəhramov İngiltərənin vurduğu 3-cü topun qapı xəttini keçdiyini bildirərək, qolun qeydə alınmasına nail olub. Bununla da britaniyalılar tarixlərində hələlik ilk və son çempionluğu əldə ediblər. Böyük Britaniya Kralçiası isə həmyerlimizi "Qızıl fit" mükafatı ilə təltif edib. Bəhramov dünyada bu uğuru qazanmış yeganə hakimdir.