"Bu, Avropa çempionatında layiqli çıxış etməyimizə kömək olacaq"
"Yoxlama oyunları güclü və zəif tərəflərimizi müəyyənləşdirməyə, həmçinin səhvlərimiz üzərində çalışmağa şərait yaradır".
MediaSport.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
25 yaşlı hücumçu məşqçilər korpusunun əməyini yüksək qiymətləndirdiklərini bildirib: “Avropa çempionatına ilkin hazırlıq prosesindən, daha dəqiq Bakıda komanda olaraq toplaşmazdan əvvəl millimizin bütün oyunçuları məşqçilər tərəfindən müəyyən edilmiş fitnes proqramı əsasında fiziki məşqlər üzərində səylə çalışırdı. Ardınca zalda ciddi məşqlərə başladıq. Bütün bunlar komandamızın oyun sxemi və taxtikasının inkişafına töhfə verir.
Oyunçuların tam formalaşması və bir-birimizə lazımi şəkildə uyğunlaşmağımız üçün hər şey ən xırda detaladək çalışılır. Komanda şəklində hazırlığımız tam sürətlə davam edir. Bu da bizə qarşımıza qoyulan məqsədə çatmaq üçün, yəni, Avropa çempionatında layiqli şəkildə çıxış etmək üçün kömək olacaq”.
Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.