Şuşa klubu avrokuboklarda debütünə Polşada hazırlaşır
Kişi voleybolçulardan ibarət “Xarı bülbül" klubu hazırlıqlarını Polşada davam etdirir.
Mediasport.az xəbər verir ki, avrokuboklarda debüt edəcək Şuşa təmsilçisi oktyabrın 11-nə qədər Polşada təlim-məşq toplanışı keçəcək və burada yerli komandalarla bir neçə yoxlama oyununda gücünü yoxlayacaq.
“Xarı Bülbül Şuşa” klubu beynəlxalq arenada ilk qarşılaşmasına oktyabrın 25-də çıxacaq.
Çağırış Kubokunun 1/32 final mərhələsi çərçivəsində Slovakiyanın "Spartak" (Miyava) klubu ilə görüş Bakıda GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Matç saat 18:00-da başlanacaq.
Klublar arasında razılığa əsasən, Miyava təmsilçisi “Xarı bülbül”lə cavab oyununa da Bakıda çıxacaq.
Slovakların nominal ev sahibi olacağı görüş oktyabrın 26-da, saat 18:00-da start götürəcək.