"Bu, bizim bəlamızdır və oyunçuların keyfiyyətindən asılıdır"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Sabah"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra acı məğlubiyyət haqda fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis rəqibin daha əvvəl oynadıqları kollektivlərdən fərqləndiyini deyib.
- İli yaxşı başa vurmaq istəyirdik. Belə məğlubiyyət gözləmirdim. Ardıcıl qələbələrdən sonra təhlükə var idi. Digərləri bizim gücümüzə görə olmuşdu. "Sabah" buraxdığımız səhvləri bağışlamadı. Uduzmağımızın səbəbi qlobaldır. Tez fikirləşməkdə, qərar verməkdə gecikdik. Bu, bizim bəlamızdır və oyunçuların keyfiyyətindən asılıdır.
Abasov meydana 4 müdafiəçi ilə çıxmalarının səbəbini açıqlayıb: "Son matçlarda bu cür oynayırdıq. Buna görə sistemi dəyişmək istəmədik. Biz çempionatımızın nə qədər yaxşı olduğunu deyirik. Amma gördüyümüz şeylər vizualdır. Oyunçuların verdikləri qərarları görə bilmirik. Qol buraxdığımız epizodlara baxanda, fərdi səhvləri, düzgün qərar verilməməsinin nəticəsini görürük. Qərarlarda olan yanlışlıq tək bizdə deyil, digər klublarda da var".