"Bu uşaqlar gələcəkdə Azərbaycan millisinə əsas namizəd olacaqlar”
Mediasport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turniri barədə jurnalistlərə müsahibəsində söyləyib.
O, bu cür turnirlərin keçirilməsinin uşaq futboluna böyük töhfə verəcəyini bildirib:
“Bizə dəstək olan Bakı Abadlıq Xidmətinə təşəkkürümü bildirirəm. Onlar daha əvvəl cüdo yarışlarında da bizimlə birlikdə olublar. Bu cür yarışların çox olması üçün əlimizdən gələni edəcəyik. Artıq ötən il 15 yaşadək uşaqlar arasında iki beynəlxalq turnir baş tutub. Buradan çıxan uşaqlar gələcəkdə Azərbaycan millisinə əsas namizəd olacaqlar”.
“İldən-ilə müxtəlif idman növlərinə aid layihələrimizin sayı artır. Bildiyiniz kimi, Gənclər və İdman Nazirliyinin “Sağlam həyat” adlı layihəsi də var. Buradan bütün idman federasiyasına təşəkkür edirəm. Ümumiyyətlə, idmanda kütləviliyin artırılması üçün əlimizdən gələni edəcəyik”.