20 Yanvar - Ümumxalq Hüzn Günüdür

20 Yanvar - Ümumxalq Hüzn Günüdür

Çoxəsrlik tariximizin şanlı səhifələri yüzlərlə, minlərlə azərbaycanlının qanı-canı, fədakarlığı bahasına yazılıb. Faciə ilə olsa da, suveren hüquqları uğrunda əzmkarlıq, fədakarlıq, dönməzlik, sarsılmaz iradə nümayiş etdirən xalqın şanlı və qürurlu tarixinin daha bir səhifəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yazılıb.

Əbədi müstəqillik və azadlığımız uğrunda mübarizəmizin simvoluna çevrilmiş bu tarix dünya durduqca xatırlanacaq, o gecə indiki kimi yaşanacaq və xalqımızın başına gətirilmiş müsibət heç vaxt unudulmayacaq.

Əliyalın insanların qanına susayan, təpədən-dırnağadək silahlanmış sovet ordusu xalqın əzəmətini, iradəsini qıra bilmədi. Əksinə, misli görünməmiş vəhşiliyə məruz qalan Azərbaycan xalqı tank qarşısında sözün həqiqi mənasında başıdik, məğrur dayandı. O gecə kişili-qadınlı, uşaqlı-böyüklü, qocalı-cavanlı bütün xalq əbədi müstəqilliyi uğrunda gözünü qırpmadan canını verdi, qanından keçdi, amma azadlıq eşqi ölmədi. Onlarla şərəfli, ləyaqətli Vətən övladı xoşbəxt Azərbaycan naminə həmin gecə həyatlarını fəda edib, müqəddəs şəhidlik zirvəsinə ucaldılar.

Sovet ordusunun 20 Yanvar gecəsi törətdiyi qırğından illər keçsə də, xalqımız qəhrəmanlıq tarixini, fədakar və igid övladlarını, o qan-qadalı gecəni, ağrı-acılı günləri unutmur, 33 il ötməsinə baxmayaraq, indi də o müdhiş gecənin baiskarlarını dərin nifrətlə xatırlayır.

O zamanlar Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü özünün və ailə üzvlərinin həyatı üçün təhlükəyə baxmayaraq, Azərbaycanın daimi nümayəndəliyinə gəlib, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Ümummilli lider cəsarətli addımı ilə bütün dünyanı bu dəhşətli və amansız terrordan agah etdi. Dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

1990-cı il yanvarın 20-nə keçən gecə şəhərə daxil olan ordu qarşısındakı canlı səddi güllə yagışına tutub, əzib keçəndə, insanların böyük əkrəsiyyətinin pənah yeri metro - əsasən ovaxtkı "XI Qızıl Ordu" (indiki "20 Yanvar") stansiyası olub. O gecə səhərə qədər işləyən metropoliten faciənin miqyasının daha da böyüməsinin qarşısını alıb.

“20 Yanvar” stansiyası ilə yanaşı, “Koroğlu” (o vaxt - “Məşədi Əzizbəyov”) və daha bir neçə stansiya da qırğından qaçan, çaş-baş qalmış əhalinin sığınacağına çevrilib. Yaxınlarını, əzizlərini, doğmalarını axtaranlar, yaralılara kömək etmək istəyən insanlar bu stansiyalara üz tutublar. Beləcə, qırğının miqyası xeyli azalıb.

Bu tarix bu gün də unudulmur və heç vaxt unudulmayacaq. Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunub.

Allah bütün şəhidlərə rəhmət eləsin!

mediasport.az