Qəbələdə şəhid övladları üçün yay düşərgəsi təşkil edilib - FOTOLAR
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “YAŞAT” Fondu, Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti tərəfindən Qəbələdə şəhid övladları üçün yay düşərgəsinə start verilib.
Mediasport.az xəbər verir ki, düşərgədə 8-12 yaş aralığında 30 şəhid övladı iştirak edir.
Layihə iyunun 5-dək davam edəcək. Əsas məqsəd şəhid övladlarına diqqət və qayğının artırılması, onlarda sağlam həyat tərzinin təbliğidir.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının yadigarlarının xoş vaxt keçirmələrinə, onların istirahət etməsinə, tarixi-coğrafi yerlərlə tanışlıqlarına, yeni məkanlar kəşf etmələrinə nail olmaq əsas hədəflərdir.
“YAŞAT” Fondunun, Peşəkar Futbol Liqasının və “Badamlı” şirkətinin rəsmilərinin, eləcə də ASAN Könüllülərinin iştirakı ilə baş tutacaq tədbirlərə Qəbələ şəhərinin müxtəlif görməli yerlərində gəzintilər, əyləncəli oyunlar, futbol matçı, tarixi yerlərə səyahətlər və digər aktiv istirahətlər daxildir.