"Bütün rəqiblər bizdən üstündü deyə, bir xala da sevinirik"
"Ağır səfər oyunu oldu. "Səbail" son iki turda xal qazanmışdı, yaxşı da futbol oynamışdılar. Onlar çətin rəqibdi, yaxşı futbol oynayırlar. Oyunu iki hissəyə bölərdim. İlk yarıda toparlana bilmirdik. Çünki rəqibin təzyiqi yüksək idi. Qırmızı vərəqədən sonra komanda özünə gəldi. Qol epizodlarımız olsa da, yararlana bilmədik. Bir xala da şükür edirik. Davam edəcəyik. Oyunumuzu inkişaf etdirib, qollar vurub qələbələr qazanacağıq. "Səbail"ə uğurlar arzulayıram. Komandama təşəkkür edirəm ki, sona qədər mübarizə apardılar.
mediasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 11-ci turunun "Səbail"lə oyunundan sonra "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli deyib.
Heç-heçə ədalətli nəticə idi?
- Xeyr, heç-heçə ədalətli nəticə deyildi. İlk yarıda üstünlük "Səbail"də idi. Fasilədən sonra bizə keçdi. Doğrudu, rəqib bizi əks-hücumda tuta bilirdi. Qol imkanları da var idi.
İlk qələbənizi qazanmaq üçün yaxşı şansınız var idi. Komanda niyə qol vura bilmir?
- Futbolda belə hadisələr olur. Heç kimi günahlandırmaq da olmaz ki, nəyə görə qol vura bilmədik? Alınmadı. Amma bu oyunda qələbə qazanaraq turnir cədvəlində yuxarı pilləyə qalxmaq şansımız var idi.
Sonuncu pillədən çıxmağınız futbolçularınıza motivasiya verəcək?
- Bəli, motivasiya olacaq. Hər xal bizim üçün motivasiyadı. Bütün rəqiblər bizdən üstündülər deyə, bir xala da sevinirik. Çətinliklə qazanırıq xalları.
Pərviz Asadov komandadan kənarlaşdırıldı. Problem nə idi?
- Biz bura gələndə Pərviz komandadaydı. Sonradan zədəsi əmələ gəldi. Məşqlərə də qoşulmurdu. Ardınca isə komandadan ayrılmaq istədiyini bildirdi. Biz də ona uğurlar arzuladıq. Qalmaq istəməyəni saxlamaq çətindi.