Cüdo federasiyası Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib
Azərbaycan Cüdo Federasiyası (ACF) 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirib.
Mediasport.az xəbər verir ki, tədbirdə çıxış edən federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu qurumun son iki ildə gördüyü işlərdən və qarşıdakı hədəflərdən danışıb, uzunmüddətli strategiyanı təqdim edib.
Qeyd edib ki, Azərbaycanda cüdo ilə məşğul olanların sayında ciddi artım var: "2022-ci ilin yanvar ayında Azərbaycanda cüdoçuların sayı 16000 olub, hazırda isə say 19500 nəfərdir. Buraya cüdoya qoşulan qızları da əlavə etmək istəyirəm".
ACF rəsmisinin sözlərinə görə, qurum 2022-ci ildən Bakı və rayonlarda 86 idman zalına ümumilikdə 6214 tatami paylayıb.
Eyni zamanda 1224 yeniyetmə və gənc idmançının pulsuz məşq etməsinə şərait yaradılıb.
O, cüdo texnikalarını hərtərəfli öyrənməsi baxımından kəmər imtahanlarının əhəmiyyətindən də söz açaraq vurğulayıb ki, məşqçilərin, hakimlərin və idmançıların təhsili və inkişafı ACF-nin əsas fəaliyyət istiqamətlərindən biridir.
Daha sonra “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verilib. Bildirilib ki, hazırlıq məqsədilə idmançılar üçün 11 beynəlxalq, 6 yerli təlim-məşq toplanışı baş tutub.
R.Rəsullu Fransanın paytaxtına lisenziya qazanan Azərbaycanın 9 cüdoçunun hər birindən medal gözləntisi olduğunu diqqətə çatdırıb: "Proqnoz vermək çətindir. Bütün cüdoçularımıza inamımız böyükdür. Bizim gözləntimiz 9 medaldır".
Sonra federasiyanın həyata keçirdiyi "Qızlara ağ yaraşır", "Söz verirəm", “Doğru yol budur!”, Adaptiv cüdo kimi sosial layihələrdən bəhs edən slayd təqdim olunub.
Bildirilib ki, 2024-2028-ci illər üçün əsas hədəf kütləviliyin artırılması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi, lit idmanda nailiyyətlərin yaxşılaşdırılmasından ibarətdir.
Sonda Olimpiada iştirakçıları haqqında videoçarx nümayiş olunub və jurnalistlərin sualları cavablandırılıb.
Tədbir bədii hissə ilə davam edib.