Daha bir güləşçimizdən "bürünc", Xasay Həsənli finalda, üçü isə 3-cü yer üçün üçün yarışacaq - DÇ-2023
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarışın 5-ci günündə 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Nihad Quluzadə (60 kq) 1/8 finalda albaniyalı Ergi Ukunu elə ilk hissədə yolundan kənarlaşdırıb - 8:0. Quluzadə 1/4 finalda hindistanlı Sumit Sumitə 3:5 hesabıyla məğlub olub.
Həsən Məmmədli (67 kq) ilk mərhələdə moldovalı Aleksandr Quraliyə 5:1 hesabıyla qalib gəlib. Məmmədli 1/8 finalda albaniyalı Ardit Zenelini vaxtından əvvəl məyus edib - 9:0. Həsən 1/4 finalda misirli Mustafa Alameldin üzərində minimalhesablı qələbə qazanıb - 2:1. Güləşçimiz yarımfinalda qazaxıstanlı Sultan Assetuli ilə bacarmayıb - 0:11. Məmmədli bürünc medal uğrunda rusiyalı Muslim İmadayevlə gərgin görüş keçirib. Hesabda 10:3 önə keçən Həsən üstünlüyünü qoruya bilməyib və 10:12 hesabıyla məğlub olub.
Ruslan Nurullayev (72 kq) təsnifat mərhələsində meksikalı Aleksis Varqasa (8:0), 1/8 finalda isə yunanıstanlı Georgios Sotiriadisə (9:0) tam üstünlüklə qalib gəlib. Nurullayev 1/4 finalda ukraynalı İrfan Mirzoyevə məğlub olub - 1:3. Rəqib finala yüksəldiyi üçün Ruslan təsəlliverici görüşə çıxıb və macarıstanlı Kristofer Klanyiyə minimal hesabla qalib gəlib - 2:1. Güləşçimiz isveçrəli Mixail Portmana da gücünü göstərərək (3:1) dünya üçüncüsü olub.
Elcan Məmmədov (82 kq) startda türkiyəli gənclər arasında dünya çempionu Alperen Berberə "tuş"la məğlub olub. Rəqib finaladək irəliləyib və həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Elcan ermənistanlı Karen Xaçatryana 1:3 hesabıyla uduzub.
Murad Əhmədiyev (97 kq) debütdə xorvatiyalı Kristian Lukaça heç bir şans tanımayıb - 9:0. Balakən güləş məktəbinin yetirməsi 1/8 finalda serbiyalı Luka Katiçə tam üstünlüklə qalib gəlib - 9:1. Murad 1/4 finalda türkiyəli Mustafa Olquna 0:2 hesabıya məğlub olub. Rəqibin finala yüksəməsi Əhmədiyevə təsəlliverici görüşə vəsiqə verib. Hindistanlı Niteş Niteşə "tuş"la qalib gələn Murad 3-cü yer uğrunda qarşılaşmada yaponiyalı Yuri Nakazatoya məğlub olub - 1:3.
Sabah isə millimiz daha 3 medal qazana bilər. 77 kq-da Xasay Həsənli qızıl medal döyüşünə çıxacaq.
55 kq çəkidə Fərid Sadıxlı və 130 kq-da Sərxan Məmmədov bürünc medal uğrunda mübarizə aparacaq. 63 kq-da Ziya Babaşov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, sərbəst güləş millimiz DÇ-də 2 gümüş və 3 bürünc olmaqla, 5 medal qazanıb və 87 xalla komanda hesabında dünya 3-cüsü olub.
Qadınların yarışında isə yalnız Jalə Əliyeva gümüş medal qazana bilib.