"DÇ-yə Avropa çempionu kimi yollanırıq, bizə hörmət edəcəklər"
"Komanda daxilində əhval-ruhiyyə yüksək səviyyədədir. Antalyada təlim-məşq toplanışımız oldu. Komandamız çempionata çox yaxşı hazırlaşıb”.
Mediasport.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə dünya çempionatına yolasalma mərasimində jurnalistlərə açıqlamasında deyib.
30 yaşlı müdafiəçi bildirib ki, minifutbol onun karyerasında yeni səhifədir: “Çempionlar Liqasındakı ab-hava tamam fərqli idi. İndi isə millinin heyətində çıxış edəcəyik. Azərbaycanın adı olan hər yerdə həmişə canla-başla kömək etməyə hazırıq”.
O, qrupdakı rəqiblər haqqında elə də çox məlumatının olmadığını qeyd edib: “Turnirə son Avropa çempionu kimi yollanırıq. Digər ölkələr bizə hörmət edəcəklər. Çünki ciddi rəqib olduğumuzu bilirlər. Qarşımıza qoyduğumuz ilk məqsəd qrupdan çıxmaqdır. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq”.
Futbolla peşəkar səviyyədə 10 il məşğul olduğunu xatırladan oyunçu minifutbolda sistemin tamamilə fərqli olduğunu vurğulayıb: “Ancaq bu, mənə heç bir çətinlik yaratmır. Çünki futbolla məşğul olduğum dönəmlərdə də hərdən toplaşıb minifutbol oynayırdıq. Bəzi xırda detallar var ki, böyük futbolda onu sığortalamaq mümkündür. Amma minifutbolda adi səhvin geridönüşü olmur”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.
Komandamız ilk görüşünü oktyabrın 27-də İraq millisinə qarşı keçirəcək.