"Dekabrdan sonra ortaya çox yaxşı “Neftçi” çıxaracağıq" - MÜSAHİBƏ

"Dekabrdan sonra ortaya çox yaxşı “Neftçi” çıxaracağıq" - MÜSAHİBƏ

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Mediasport.az saytına müsahibə verib.


"Səbail"lə görüşdə çətin qələbə qazandız, bu haqda nə deyə bilərsən?

- Bizi çox ağır oyun gözlədiyini bilirdik. Çünki meydança süni örtüklü idi. Təbii otdan süniyə keçmək isə çox çətindir. Topu hiss etmək də ağır gəlir. Yaxşı futbol oynaya bilmək üçün mütləq topu hiss etməlisən. Çətin olsa da, qələbəmizə də inanırdım. Şadam ki, qalib gəldik. Bizim üçün çox önəmli üç xal idi. Bundan əvvəl xallar itirmişik. Bu mənada çox vacib olan xalları qazandıq. Artıq növbəti oyuna hazırlaşırıq.

Matçın sonuna 3-4 dəqiqə qalmış rəqib bərabərlik qolunu vurdu. Həmin anda artıq 1 xala qane olmuşduz?

- Xeyr, mən heç vaxt elə fikirləşməmişəm. Mən komandama güvənirdm, inanırdım. Bilirdim ki, qalib gələ bilərik. “Səbail” səfərinə üç xal üçün gəlmişdik. Sona qədər mübarizə aparıb istəyimizə nail olduq.

- Sosial şəbəkədə azarkeşlər, ictimaiyyət yazır, belə fikir formalaşıb ki, “Neftçi”yə nə qədər futbolçu gəlir-gedir, amma qolları yenə də Rəhman vurur. Bu haqda fikrin necədir?

- Xeyr, mən belə düşünmürəm. Elə bir şey yoxdur, komandada hamının qol vurmaq potensialı, gücü var. Mən də hər oyuna qol vurmaq üçün, komandama xeyir vermək üçün çıxıram. Sadəcə elə alınır ki, epizod düşür, istifadə etmək lazımdır. “Neftçi”də istedadı, qol duyumu yüksək oyunçular var. İnanıram ki, zaman keçdikcə daha da öyrəşəcəklər, daha sərbəst olacaqlar və epizodlardan istifadə edəcəklər.

Etimad göstərilən, qol vuracağını gözlədiyiniz hücumçulara nə qədər vaxt lazımdır?

- Yaxşıya doğru gedirik. Son qələbə də onu göstərdi. Yaxşı oynadıq, layiqli qələbə qazandıq. Düşünürəm ki, dekabrdan sonra ortaya çox yaxşı “Neftçi” çıxaracağıq.

Növbəti turda "Sabah"la qarşılaşacaqsız. Həmin oyundan gözləntiniz nədir?

- "Səbail"lə görüşdə qələbə qazandıq, aktivimizə üç xalı yazdırdıq. Amma artıq bu, geridə qaldı və biz növbəti oyunu düşünürük. Təbii ki, həftə ərzində növbəti turdakı matçımıza da yaxşı hazırlaşacağıq. Həmin görüşdə də əlimizdən gələni edəcəyik. "Sabah" da güclü , iddialı rəqibdir. Maraqlı oyun olacaq. Yaxşı rəqiblə qarşılaşacağıq.


Elvin