Dünyasını dəyişən azərbaycanlı cüdoçunun xəstəliyi olmayıb
Azərbaycan cüdosuna ağır itki üz verib.
Yanvarın 12-i Bakı şəhəri 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo üzrə baş məşqçisi, 39 yaşlı Rüfət Süleymanov qəfil vəfat edib.
1983-cü il təvəllüdlü keçmiş cüdoçu 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2004-2012-ci illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində cüdo məşqçisi kimi fəaliyyət göstərib. Onun tələbələri Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olublar.
Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi Ülkər Abbasova mediasport.az saytına açıqlamasında bildirib ki, məşqçinin vəfat səbəbi dəqiq məlum olmasa da, hər hansı xəstəlikdən əziyyət çəkməyib: "Rüfət müəllimin nədən dünyasını dəyişməsi məlum deyil. Bildiyimiz odur ki, hər hansı xəstəliyi olmayıb".