Yığma komandamız Avropa çempionatına Daşkənddə hazırlaşır
Azərbaycan cüdoçuları avqustun 28-dən Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Mediasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan və sentyabrın 7-dək davam edəcək hazırlıq prosesinə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırxızıstan, Türkiyə, Finlandiya, Yunanistan, Moldova, Küveyt, Tanzaniya və İsraildən 400-ə yaxın idmançı qatılıb.
Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 27 üzvü iştirak edir.
İdmançılara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Mehman Əzizov və Slavko Tekiç rəhbərlik edir.
Hazırlıq prosesi 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə tunirinə və Fransanın Monpelye şəhərində təşkil olunacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.