Milli komandalarımız bu bazaya köçür - FEDERASİYA AÇIQLADI

Milli komandalarımız bu bazaya köçür - FEDERASİYA AÇIQLADI

“Cüdo üzrə yığma komandalarımız 2023-cü ilin ortalarınadək Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinə köçəcəklər”.

Bu sözləri mediasport.az saytına açıqlamasında cüdo federasiyasının mətbuat katibi Ülkər Abbasova deyib.

Onun sözlərinə görə, bununla bağlı federasiya ilə Gənclər və İdman Nazirliyi arasında razılıq əldə olunub. Bu məqsədlə “Neftçibaza” kimi tanınan ərazidə təmir-tikinti, söküntü və yenidənqurma işləri həyata keçirilir.

“Gənclər və İdman Nazirliyi ilə əldə olunmuş razılığa əsasən, əmlakdan birgə istifadə olunacaq. Əmlak dövlətin balansında qalacaq. Digər olimpiya növləri də ehtiyac olduqda fəaliyyətlərini təmin edə biləcəklər. Əsasən cüdo idman növünə üstünlük veriləcək. Burada yeniyetmə, gənc, böyüklər və qadınlardan ibarət yığmalar məşq edə biləcəklər. Onların ixtiyarına 2 zal veriləcək. Bunlar yüksək səviyyədə beynəlxalq təlim-məşq toplanışlarını da təşkil etməyə imkan verəcək. Eyni zamanda idmançıların qalmaları üçün otel otaqları, sauna, həkim, masaj, fizioterapiya və psixoloq otaqları da olacaq. Bir sözlə, yığma komandaların fəaliyyətlərinin təşkili üçün bütün imkanlar yaradılacaq”.