"Düşünmürəm ki, onun sırf “Zirə”yə qarşı əlavə prinsipi olsun"
Premyer Liqanın 17-ci turunun “Şamaxı” – “Zirə” (0:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
mediasport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.
– İki fərqli hissə izlədik. İlk yarıda “Şamaxı” daha yaxşı görünürdü. İkinci hissədə nəzarəti ələ aldıq. Təəssüf ki, qol vura bilmədik. Bəlkə də ədalətli nəticə heç-heçə idi. Bu gün qalib gəlmək istəyirdik. “Şamaxı” ikinci dövrədə yalnız “Qarabağ”a uduzub. Onların yüksəlişini hiss etdik. Futbolçuları yaxşı çıxış edir. Cavid Hüseynovu təbrik edirəm. Yaxşı komanda qurub. Gənc futbolçuları oynadırlar. Bu məqam bizi sevindirir. “Şamaxı”ya və Cavid müəllimə uğurlar arzulayıram.
Bu gün daha iki futbolçunuz zədələndi.
– Son dönəmlərdə çoxlu zədələr yaşayırıq. O qədər çox oyun da keçirməmişik. Adı vəziyyətdə bu gün Mehdi Cənnətov zədələndi. Rüstəm Əhmədzadə məşqdə zədələnmişdi. Çantakias da bu gün sıradan çıxdı. Problemin nə olduğunu təhlil etməli və heyəti genişləndirməliyik.
Ola bilər ki, bu gün futbolçular daha çox “Neftçi” ilə oyunu düşünürdülər?
– Xeyr. Əgər həmin oyunun təsirindən danışırıqsa, 4 gün əvvəlki matçdakı yorğunluğu qeyd etməliyik. Üstəlik zədəlilərimiz də var idi. Bir həftə sonrakı oyunu düşündüklərini deməzdim. “Şamaxı”nın oyununu qeyd etməliyik. Məni çempionatda ən narahat edən komandalardandır. Futbolçular və məşqçilər arasında uyğunluq var. Bir-birlərini anlayırlar və üzərlərində stress yoxdur, rahatdırlar.
Cəlal Hüseynovda əlavə motivasiya var idi sanki.
– Diqqətim daha çox öz komandamda idi. Olurdusa, lap yaxşı. Amma düşünmürəm ki, sırf “Zirə”yə qarşı əlavə prinsipi olsun.
Qarşıda “Neftçi” ilə çətin cavab oyunu olacaq.
– Oyuna köklənmək barədə danışmaq üçün tezdir. İstrahət edib, daha sonra həmin matç haqqında düşünəcəyik. Əlimizdə olan futbolçularla oyun sistemi və heyət müəyyənləşdirəcəyik. Tam heyətlə olsan belə, rəqib “Neftçi”dir və səfərdə oynayacağıq. Çempionatda liderdən geri düşdüklərindən bütün fikri kuboka veriblər. Maraqlı və gərgin oyun olacaq.
4-cü hakim Kamal Umudlu ilə mübahisə edirdiz.
– Mübahisə etmirdim. Söhbət edirdik.
Çılğın şəkildə etiraz edirdiz.
– Olur da. Meydanın kənarında nəsə deyirsən.