"Düzgün yoldayıq, bəxt bizim tərəfimizdə olmur, hamı görür ki..."
UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - Slovakiya (1:3) oyununda fərqlənən Toral Bayramov millimizin oyunu, ümumi nəticələri ilə bağlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, "CBC Sport" kanalına danışan yığma üzvü Mahir Emrelinin meydandan qovulmasının nəticəyə təsir göstərdiyini deyib.
Toral əvvəlcə Slovakiya ilə görüş haqda danışıb:
"Oyun barədə danışılası çox şey yoxdur. Çətin olacağını bilirdik. Əslində matça pis başlamamışdıq. Sadəcə plana daxil olmayan bir qol buraxdıq. Amma sonra toparlanıb hesabı bərabərləşdirə bildik. Pis oynamadıq. Oyunun qırılma nöqtəsi qırmızı vərəqə oldu. Qarşıdakı görüşlərə hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, uğursuz seriyaya son qoyaq".
O, baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında millinin uğurlar qazanacağına inandığını vurğulayıb:
"Yeni başlamışıq. Qısa müddətdə hər şeyi mükəmməl etmək mümkün deyil. Düşünürəm ki, düzgün yoldayıq. Yolumuzdan dönməsək, belə davam etsək, gələcəkdə uğulara imza ata bilərik. Yüksək yerlərdə olmaq istəyirik, hədəfimiz budur. Həmişə oynadığımız oyunla da bunu göstəririk. Sadəcə, bəxt bizim tərəfimizdə olmur. Hamı görür ki, bu turnir başlayandan pis təsir bağışlamırıq. İrəlidə hər şey yaxşı olacaq".
Xatırladaq ki, Azərbaycan yığması Millətlər Liqasında keçirdiyi 4 matçın hamısında məğlub olub.