Əfsanəvi alpinistlə görüş keçirildi

Əfsanəvi alpinistlə görüş keçirildi

Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə məşhur idmançı, alpinist Denis Urubko ilə oktyabrın 21-də görüş keçirilib.

mediasport.az saytına federasiyadan verilən məlumata görə, görüş zamanı əfsanəvi alpinist maraqlı çıxışı, ekstremal vəziyyətlərdə çəkilmiş unikal videoları ilə izləyiciləri tanış edib.

Denis Urubkonun onlarla insan həyatının xilas etməsi, unikal məşqləri, təbiətə qayğısı, dağlara məxsus prinsiplər və təhlükəsizliyi gözləməyin əhəmiyyətini anladan çıxışı böyük marağa səbəb olub.

O, Bakıxanov qəsəbəsində yerləşən Kühül dağında master-klass keçib və müxtəlif ləvazimatlardan istifadə metodlarını, bu ləvazimatların təkmilləşdirilməsi, dağlarda müxtəlif tapşırıqların öhdəsindən gəlməyə yardım edəcək tövsiyələrini bölüşüb. Müxtəlif zirvələri fəth etmiş və mükəmməl məşqçi təcrübəsinə yiyələnmiş alpinistlərdən biri kimi özünün texnikasını işləyib hazırlayan Denis bu gün onu uğurla həyata keçirir.

Urubko 14 səkkizminliyi fəth etmiş on beşinci, oksigen balonu istifadə etmədən fəth edən səkkizinci şəxs kimi tarixə düşüb.